"Mən 33 bal topladığım halda, məni ehtiyat kadr kimi saxladılar. Lakin 6 bal toplayan müəllimi müvəqqəti əmək müqaviləsi bağlayaraq direktor vəzifəsinə təyin etdilər".
Bu şikayətlə Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikov müraciət edib. 16 ildir müəllim olaraq çalışan Rauf Məlikov müraciətində bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən keçirilən seçimlər zamanı ona qarşı haqsızlıq olub: O bildirib ki, məktəbimiz iki ildir fəaliyət göstərir. Məktəbin açıldığı vaxtdan burada çalışan şikayətçi 2021-ci ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatılıb və 33 bal toplayıb. Onun sözlərinə əsasən, həmin il pandemiya səbəbi ilə onları müsahibəyə çağırmayıblar. 2022- ci ilin aprel ayında vakansiya seçiminə çağırıldığını diqqətə çatdıran R.Məlikov bildirib ki, vakansiya kimi elə öz çalışdığı təhsil ocağını, Cəlilabad şəhər 9 saylı məktəbi seçib. Müsahibədə region üzə ən yüksək nəticəni toplayan şikayətçinin sözlərinə görə, onunla yanaşı, ikinci müavin də imtahana qatılıb. Lakin o müsabiqədən keçə bilməyib. 60 baldan cəmi 6 bal toplayıb.
O bildirib ki, onu ehtiyat kadra atdılar və əsas kimi də göstərdilər ki, guya 9 nömrəli məktəb müsahibə vaxtı 500-dən çox şagirdi olan məktəblər siyahısına düşüb.
"Biz isə 500-ə qədər şagirdi olan məktəblər üçün imtahan vermişik". Müəllimin sözlərinə görə, əslində onlar imtahan verən zaman belə bir anlayış olmayıb:
O qeyd edib ki, məktəbin şagird sayı yanvar ayının hesabatında artıq 500-dən yuxarı olub. Mən isə vakansiyanı aprel ayında seçmişəm.
Niyə yanvar ayının hesabatında 500-dən yuxarı şagirdi olan məktəbi aprel ayında 500-dən aşağı şagirdi olan məktəblər siyahısına salıblar?
Ümid edirik ki, bu sualların cavabını aidiyyatı qurumlar verəcəklər.
Ülkər Abdurahmanlı