1970-ci ildə inşa edilmiş və 700-ə yaxın şagirdin təhsil aldığı məktəb bu gün qara günlərini yaşayır. Bura Balakən rayonunun Kortala kənd tam orta məktəbidir.
Təhsil ocağının çürük, dəlik-deşik olmuş döşəməsi, yağış sularından uçub tökülmüş tavanı, əl dəyən kimi ovulan divarları, bir sözlə saymaqla bitməyən problemləri var. Hətta bəzi sinif otaqlarının qapısına kilid vurulub ki, ora şagirdlər girməsin. Çünki hər an qəza ola bilər. Valideynlər bu vəziyyətdən narahatdır.
Valideynlər bildirirlər ki, binanın uçma təhlükəsi olduğuna görə, yenisi ilə əvəz olunmalıdır. Aparılan təmir işləri qaneedici deyil.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilir ki, iyulun 18-də güclü külüək nəticəsində yararsız hala düşmüş məktəb damı, təmir edilir. Yaxın vaxtlarda məktəbin əsaslı təmir edilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisəsinin təmiri şagird sayı və vəziyyətdən asılı olaraq mərhələli şəkildə aparılır.