![](https://tehsilmedia.az/uploads/posts/2023-04/1682489275_fb-skil.jpg)
(Sertifikasiya qabağı müəllimlərin sosial şəbəkə hesablarının oğurlanması nəyə hesablanıb?)
Son günlər sosial şəbəkələrdə təhsil sahəsində tanınan müəllimlərə qarşı ardıcıl təxribatlar baş berir. Prosesin qısa tarixçəsi isə belədir: öncə təhsil sahəsində böyük nüfuzu, öz sözü, hörməti olan mömin bir xanım müəllimənin sosial şəbəkə hesabları oğurlanıb. Sonra həmin müəllimənin
dostluğunda olan müəllim həmkarlarına onun adından belə bir mesajlar göndərilib: "sənə işim düşüb, zəhmət olmasa, sənə gələn kodu "sсrin” elə, at mənə”. Hər kəs də yaxından tanıdığı və hörmət bəslədiyi müəlliməyə əlavə suallar vermədən onun istəklərinə cavab verib. Bu prosesdən dərhal sonra həmin müəllimlərin sosial şəbəkə hesabları oğurlanıb. Sonra isə həmin müəllimlərin səhifələrində "Forex King” loqosunda kriptovalyuta ilə böyük miqdarda pul udmasıyla bağlı paylaşım edilib. Həmin müəllimin dostluğunda olan müəllimlər də dərhal bu xəbərə reaksiya veriblər. Müəllimlərin tələyə salınmaları bu sayaq davam edib. Çünki xəbəri oxuyan digər müəllimlər "böyük pul qazanan” həmkarlarına müxtəlif suallar ünvanlayıblar və guya o da bu sualları "cavablandırıb”.
Müəllimlərin tələyə salınması prosesi daha şirnikləndirici şəkildə davam edib. Belə ki, prosesdə iştirak edənlərə "Soliton”dan 500 manatlıq hədiyyələr qazanmaları ilə bağlı kartların şəkilləri göndərilib.
Bu təxribatların maraqlı bir cəhəti də ondadır ki, sosial şəbəkə hesablarına müdaxilə olunan müəllimlərin əksəriyyəti öz sahələrinin peşəkarları olublar və öz səhifələrindən də daha çox təhsillə bağlı maarifçilik məqsədi ilə istifadə ediblər. Sertifikasiya ərəfəsində bu müəllimlərə qarşı kütləvi kiber hücumların təşkili maraqlı suallar doğurur. Görəsən müəllimlərə qarşı aparılan bu psixoloji hücumların arxasında hansı qüvvələr dayanıb?
Müəllimlərdən bir neçə nəfərin yaşadıqları ünvanlardakı polis bölmələrinə müraciət edib kömək istəmələri də nəticəsiz qalıb.
Qeyd: kibercinayətdə iştirak edənlərin bəzilərinin İP ünvanları müəllimlərin özləri tərəfindən aşkarlanıb (80.69.48.188. 5.197.130.85).
Haker hücumlarının ünvanları ölkənin Sumqayıt, Masallı və digər şəhərlərindən olub. Xarici ölkə ünvanları isə Qırğızıstan, Əlcəzair və digər ölkələrə gedib çıxır.
Müəllimlər əmindirlər ki, Azərbaycan dövləti öz vətəndaşlarının bütün təhlükəsiz yaşamaq hüquqlarına cavabdeh olduğundan onlara qarşı həyata keçirilən bu kiber cinayət hadisəsinin də üstünün açılıb, şəbəkənin tezliklə tapılıb cəzalandırılmasına nail olacaq.