Müəllimlər günü ərəfəsində Azərbaycanın bir çox orta ümumtəhsil məktəblərində pul yığılması ilə bağlı şikayətlər geniş xarakter alır. Belə ki, hələ bir ay öncədən başlanan "pul yığmaq aksiyası" düz oktyabr ayının 5-nə, yəni "Müəllimlər Günü"nə kimi davam edir. Hər məktəbin özünün yığdığı məbləğ də fərqli olur. Bu, daha çox məktəblərin prestijindən, orada oxuyan uşaqların hansı təbəqənin övladları olmasından birbaşa asılıdır. Ümumiyyətlə isə əksər hallarda 20 manatdan aşağı məbləğ məktəb rəhbərliyi tərəfindən qəbul edilmir, bu işə isə adətən valideyn komitələri nəzarət edir. Bir sözlə, hər il eyni problem yaranır və Təhsil NAzirliyi bu məsələnin öhdəsindən gələ bilmir. TehsilMedia.az xəbər verir ki, "Müəllimlər Günü" ilə əlaqədar pul yığılması haqda şikayət bu dəfə Bakının Nərimanov rayonunda yerləşən 177 saylı tam orta məktəbdən edilib. Belə ki, "Global.az" saytı adıçəkilən məktəbdə valideyn komitəsi tərəfindən şagirdlərdən pul yığıldığına dair məlumat dərc edib. İddialara görə, məktəbin ibtidai siniflərində təhsil alan 350 şagirdin hər birindən 20 manat pul yığılır. Bu da nə az, nə çox,düz 7 min manat məbləğ edir. Bu məbləğin kimlərin cibinə getdiyi haqda yəqin aidiyyatı qurumlar fikirləşməli və ölçü götürməlidirlər.
Saytın dərc etdiyi məlumatda o da qeyd olunur ki, məktəbdə baş verənlərdən direktor Arzu Süleymanova da xəbərdardır. Lakin heç bir müdaxilə etmir. Elə bu faktın özü də yığılan pulların kimlərin cibinə axdığına dair əsaslı şübhələr yaradır. Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi problemin araşdırılaraq cavab veriləcəyi açıqlansa da, adıçəkilən qurum sonradan fikrini dəyişib və mövqe bildirməkdən yayınıb. Ümid edirik ki, Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar bu cür problemlərə qarşı ciddi mübarizə aparacaqlar və məktəblərdən qanunsuz olaraqpul yığılmasının qarşısını birdəfəlik alacaqlar.
TehsilMedia.az