Müəllimlər günü ərəfəsində Azərbaycanın bir çox orta ümumtəhsil məktəblərində pul yığılması ilə bağlı şikayətlər geniş xarakter alır. Belə ki, hələ bir ay öncədən başlanan "pul yığmaq aksiyası" düz oktyabr ayının 5-nə, yəni "Müəllimlər Günü"nə kimi davam edir. Hər məktəbin özünün yığdığı məbləğ də fərqli olur. Bu, daha çox məktəblərin prestijindən, orada oxuyan uşaqların hansı təbəqənin övladları olmasından birbaşa asılıdır. Ümumiyyətlə isə əksər hallarda 20 manatdan aşağı məbləğ məktəb rəhbərliyi tərəfindən qəbul edilmir, bu işə isə adətən valideyn komitələri nəzarət edir. Bir sözlə, hər il eyni problem yaranır və Təhsil NAzirliyi bu məsələnin öhdəsindən gələ bilmir.
TehsilMedia.az xəbər verir ki, "Müəllimlər Günü" ilə əlaqədar pul yığılması haqda şikayət bu dəfə Nəsimi rayonunda yerləşən 151 saylı məktəbdən edilib. Bu məktəbdə elə valideynlər var ki, hətta övladlarına məktəbli formasını belə ala bilmirlər. Lakin məktəbin direktoru
Kifayət Tanrıverdiyeva "Müəllimlər Günü" münasibəti ilə hər uşaqdan 20 manat pul yığmaqdan çəkinmir. Yəqin ki, direktorun bu pulu uşaqların məktəbli formasına xərcləməyəcəyi dəqiqdir. Görünür, direktor Kifayət Tanrıverdiyeva birdən-birə varlanmaq üçün bu yola əl atır və yığılan pulları cibinə qoymaqla özünə "gün" ağlamağa çalışır. Əks halda Təhsil naziri Emin Əmrullayevin dəfələrlə "məktəblərdə pul yığılmasın" tapşırıqlarına əməl edər və öz vəzifəsindən sui-istifadəyə yol verməzdi. Ümid edirik ki, Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar bu cür problemlərə qarşı ciddi mübarizə aparacaqlar və məktəblərdən qanunsuz olaraq pul yığılmasının qarşısını birdəfəlik alacaqlar. Çünki Prezident İlham Əliyev də öz çıxışlarında rüşvətxorluqla mübarizənin vacibliyinə diqqət çəkib. Bu kimi hallara yol verənlərin keçmiş xidmətlərinin nəzərə alınmayacağını və onlar barəsində ciddi tədbir görüləcəyini deyib.
P.S. Səslənən iddialarla bağlı yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TehsilMedia.az