Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktoru Yaşar Məhərrəmov sosial şəbəkədə status paylaşıb. Həmin statusun oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, olduğu kimi paylaşırıq. Qeyd edək ki, kiçik araşdırmamız ilə məlum olmuşdur ki, statusda adı çəkilməsə də, söhbət rayonun Qarağacı kənd məktəbinin direktoru Rəşad Qarayevdən gedir. Belə ki, direktor Rəşad Qarayev hər gün saat 12:00 - dan sonra məktəbi tərk edərək, xalası oğlu Raminin adına qeydiyyatdan keçirdiyi, əslində isə özünün rəhbərlik "İntellekt" kursunda dərs deməklə məşğuldur.[/b]
Qeyd edək ki, Qarabağ Regional Təhsil idarəsinin tabeliyində olan məktəblərdə son günlər sosial şəbəkələrdə tənqidi materiallar yayımlanır.
Rayonların birindən bir nəfər məktəb direktoru mənə zəng edib, məsləhət almaq istədi, dialoqumuz belə oldu:
- Müəllim, salam. Məktəbimiz beş günlükdür, dərslər 14:30 da bitir. 9 - 10 -11 - ci sinif şagirdləri də hazırlığa gedir.
- Getsin də, dərsdə iştirak edirsə, sizlik nə var ki?
- Müəllim, kursa gedirlər. Kurs da 15:00 - da başlayır. Uşaqlar 7 - ci saatdan dərsdən müxtəlif bəhanələrlə qaçırlar. Saxlaya bilmirəm.
- Kursun rəhbəri ilə danışın?
- Kursun rəhbəri özü məktəb direktorudur. Məktəbdə axşama kimi işdə olmalıdır. Saat 12:00 - dan sonra gəlib başqa məktəbdə kursa rəhbərlik edir, dərs keçir. Deyir regionla razılaşmışam, bilirlər. Uşağını yola vermirlər, gətir uşağı dostlarımızın birinin məktəbinə yazaq. Onda da məktəbin keyfiyyəti aşağı düşür. Nə edim?
- Uşağı çıxar, özün də lazımi yerlərə şikayət et.
- Müəllim, kursun avtobusu var. Saat 14:00 da məktəbin qarşısında saxlayıb, uşaqları kursa çağırır, siqnal səsindən qulaq tutulur. Qalmışıq, çıxılmaz vəziyyətdə, nə edim indi?
- Dərs 15:00 - da başlayırsa, niyə 14:00 - da gəlir?
- Bizim kənd uzaqdı, həm də tək bizim məktəb deyil ki, uşağı yığa - yığa bütün məktəbləri gəzir.
- Avtobusun şəklini çək, şikayət ərizəsinə əlavə et, birini polisə, birini vergilər nazirliyinə, birini də təhsil sektoruna göndər.
- Sağ olun, müəllim!
Bilmirəm cavabı düz verdim ya yox? - deyə, məktəb direktoru sosial şəbəkə istifadəçilərinə sual ünvanlayır...