Son zamanlar davamlı xəbər saytlarında TKTA xəbərlərini oxuyuruq. Agentlik müxtəlif sahələr üzrə keyfiyyət qiymətləndirməsi aparır. Maraqlıdır ki, həmin qiymətləndirmələri hansı meyarları əsas götürərək aparır? Qiymətləndirmə meyarları hansılardır? Bu meyarlar nəyə əsasən müəyyənləşib? Yoxsa elə hansısa ölkədən götürüb bizdə tətbiq etmək istəyiblər?
Meyarlara müvafiq keyfiyyət səviyyələrinin göstəriciləri hansılardır?
Təlimləri keçirənlər təlimdə iştirak edənlərdən həqiqətən savadlıdırmı? Əminikmi təlimi keçirənlər və təlim keçənlər mükəmməl səviyyədə problemi həll edirlər?
Təlim keçirildikdən sonra qiymət kafidən "əla" ya dəyişirmi? Əgər nəticə 100% olmursa, onda niyə qiymətləndirmə edirsiniz və niyə təlim keçirirsiniz?
Həqiqətən maraqlı məqamlar çoxdur. Keyfiyyət artırmaq üçün nə edirsiniz?
TKTA hansısa məktəbə getmədən öncə xəbərdarlıq edirmi, qiymətləndirmə meyarlarını öncədən bildirirmi?
Hər hansı bir məktəbə gedib bir problem aşkarladıqda, həlli yoluna dair bir rəy bildirib müəyyən müddət vaxt verirmi ki, axı ora məktəbdir, axı savadlı, peşəkar təhsil işçiləridir. Hansı ki bu problemi həll etsin. Daha sonra yenidən gəlib yoxlayıb nəticəyə əsasən meyarları əsas götürərək meyarlara müvafiq keyfiyyət səviyyəsini müəyyənləşdirib qiymətləndirirmi?
Tutaq ki, təlim keçirildi və qiymətləndirildi. Həqiqətən qiymət "kafi", dən "əla" ya qalxırmı?
Təlimdən sonra qiymət 100 % olmursa, onda niyə var bu agentlik?
Hansı ki, problemlər aşkarlanır. Maraqlıdır ki, noldu Təhsil Nazirliyi, Regional Təhsil İdarələri, Direktor, ARTi və s. heç nə edə bilmir. Məhz bir agentlik gedib dəhşətli proqnozlar verir. Belə çıxır ki, Agentlikdəki işçilər elə Təhsil Nazirliyindən də, Regional Təhsil İdarələrindən də, ARTİ-dən də, DİM- dən də savadlı insanlardır. Bütün təhsili elə onlar idarə etsinlər. Madam ki, Azərbaycanda heç nə qaydasında deyil, heç bir müsbət yoxdur, bütün Azərbaycan "təlim" bölgəsidir, onda bütün təhsil sistemini yenidən dəyişsinlər. Çünki "boşuna maliyyə" ayırmasınlar.
TKTA, keyfiyyət göstəriciləriniz hansılardır? Biz birinci sizi yoxlayaq bəlkə. Bir fərd çıxsın desin ki, bizim nailiyyətimiz budur.
Bizim məktəblərdəki problemləri sadayalaq. Siz onları həll edin. Təlimlərə çox da ehtiyac yoxdur.
-İki sinfə bir müəllim düşür. Şagird sayı çoxdur. Müəllimlər keyfiyyətli dərs ortaya qoya bilmir. Bu dünya metodikasında da belədir ki, şagird sayı 8-12 nəfər olmalıdır.
-Məktəblərdə maddi-texniki baza, infrastruktur yox səviyyəsindədir. Təhsilin keyfiyyətini aşağı salır. Şagirdlər üçün təhlükəsiz sinif mühiti yarada bilmirsiniz.
-Özünü, ailəsini idarə edə bilməyən savadsız insanlar pulla, tapşırıqla direktor və ya direktor müavini olur. İdarəetmə zəif olur.
- İnkluziv şagirdlər üçün fərdi plan hazırlanmayıb, məktəb psixoloqları işini düzgün təşkil etmir. Məktəb öhtəlik götürmür. Uşaqların çoxu xüsusi qayğıya ehtiyacı olanlardır. Dövlət məktəbidir. Məmur övladlarının seçmə uşaqlarının ödənişli oxuduğu litsey deyil.
- Şagirdlərdə bilik və bacarıq formalaşdırırıq, amma sadəcə bilikləri qiymətləndiririk.
- 9-11-ci sinif şagirdləri universitetə hazırlaşdıqlarından məktəbdə davamiyyət problemi yaranır.
- Dərsliklərdə çoxlu səhvlər var?
- MİQ suallarını çətin səviyyədə qoyub işə girən müəllimlərin sayını azaldırsınız.
-Universitetlər qəbulu azaltmır. Müəllimlik diplomu alıb müəllim adı ala bilməyən çoxluq yaranır. İşsiz müəllim ordusu var.
-Müəllim nüfuzu gözdən salınır. Tutarlı tədbir görmürsünüz.