Bu əlavə və lazımsız olan agentliyə ayrılan maliyyə tamamilə boşa getmiş sayılır. Üstəlik agentlik olduğundan keçirilən təlimlər belə şübhə doğurur.
Düşünmək lazımdır ki, təhsilin keyfiyyətini yoxlayan bir agentliyin işçiləri kimlərdir? Həqiqətən xalqımız üçün nələr edib, hansı bilik bacarıqlara sahibdir? Yoxlama haqqı verilən bu kimsələr vəzifələrini nə dərəcə yerinə yetirirlər?
Dünyada heç bir yerdə akkreditasiya məcburi deyil. Özəl müəssisələr akkreditasiyadan keçir ki, standartlara uyğun olduğunu əsaslandırsın, lisenziya alsın. Bəs bizdə niyə bu qlobal bir məsələ imiş kimi vurğulanır?
Dünya təhsil sisteminə diqqət yetirdikdə görürük ki, könüllü olaraq müraciət edilir.
Bir çox terminləri dilimizə gətirib kvalifikasiya, nostrifikasiya, akkreditasiya deməklə deyil, terminlər nə isə yenilik, nə isə qeyri-adi bir şey deyil. Diplomların tanınması əvvəl 15 manat idisə, indi 250 manatdır. Aradakı fərqi görürsünüzmü?
Necə ola bilər bu? Eyni diplom, eyni insanlar? Niyə birdən birə bir insan xaricdə təhsil alıb deyə 250 manat ödəməlidir?
Biz bir tərəfdən deyirik dünya təhsil sisteminə inteqrasiya edirik, bir tərəfdən xaricdə tələbələrimiz var deyə sevinirik. Bir tərəfdən də mane oluruq? Nə sizi vadar edir ki, texnologiya əsrində rüsum belə bahalaşsın?
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) publik hüquqi şəxsdir və xərclərini daxil olan vəsait hesabına ödəyir. Ona görə də təlimlər, problemlər, layihələr, rüsumlar və s davamlı olmalıdır. Nədənsə davamlı problem olmalıdır.
Gəlin, bir neçə rüsumları gözdən keçirək.
Akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat təşkil edir.