Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.Maraqlıdır, layihə ilə bağlı məktəblərdə şagirdləri maarifləndirmək üçün hansı tədbirlər həyata keçirilməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, ədəbiyyat dərslərində şair və yazıçıların “yaşıl”la bağlı fikirləri, qənaətləri var və bunlar şagirdlərə ötürülməlidir:
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək. Dünya ictimaiyyəti COP-u müzakirə etdiyi halda, hadisələr gözümüzün qarşısında – Azərbaycanda cərəyan edəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə ölkə rəhbərliyinin ekoloji təhlükəsizlik məsələsinə nə qədər böyük həssaslıq nümayiş etdirməsinin məntiqi nəticəsidir.
Müxtəlif ölkələrin, eləcə də Azərbaycanın qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin şagirdlərə verilməsi nəzərdə tutulmalıdır. Şagirdlər ölkəmizin inkişafı üçün olduqca mühüm və vacib hesab edilən layihə haqqında bilgilərə sahib olmalıdırlar.Burada bilgiləndirmə işi daha çox məktəbin, müəllimlərin üzərinə düşür. Çünki şagirdlərlə işləyən tərəf onlardır. Məsələn, ədəbiyyat dərslərində şair və yazıçıların “yaşıl”la bağlı fikirləri, qənaətləri var və bunlar şagirdlərə ötürülməlidir.
Digər fənlərdə də bu məsələ nəzərə alınmalıdır. Belə məsələlərdə qeyri-hökumət təşkilatları, ictimai birliklər, vətəndaş institutları da böyük fəallıq göstərməlidir. Onlar məktəblərdə müxtəlif seminarlar keçirməklə, maarifləndirmə və bilgiləndirmə işinə töhfə verə bilərlər”.