Son günlər sosial şəbəkələrdə Qarabağ Universitetindən yayılan videogörüntülər birmənalı qarşılanmayıb.
Sanki kimlərsə Qarabağ Universitetinin adını zədələməyə, təhsil ocağı haqqında qeyr-ciddi imic formalaşdırmağa çalışır. Yayılan videolarda universitet tələbələrinin ancaq kollektiv şəkildə mahnı oxumaqları, xora qoşulmaqları, rəqs etməkləri, meyxana deməkləri əks olunub. Tələbələrin ara mahnıları oxuyan fləş-moblarının təşkili, bayağı musiqilərə rəqs edən yerdə görüntülərinin paylaşılması tənqid hədəfi olub. Halbuki, universitetdə ixtisas seçən gənclərin çoxu yüksək bal toplayanlardır.
Bəs universitetdəki təhsil prosesini göstərmək niyə heç kimin ağlına gəlmir?
Modern.az xəbər verir ki, Qarabağ Universiteti rektorluğunun əməkdaşı Cavid Hüseynov iradlara belə cavab verib:
“Bunların əksəriyyəti reytinq və İP xətrinə edilən paylaşımlardır. Qarabağ Universitetində hər gün kifayət qədər maraqlı dərslər, görüşlər keçirilir. Milli musiqimizə, müasir yanaşmaya uyğun dərslər və hazırlıqlar aparılır. Qarabağ Universiteti yüksək təhsil və maraqlı sosial həyata start verib. Sadəcə olaraq bəzi səhifələr və saytlar tələbələrin yalnız bu formada “seçilmiş” videoalarınl tirajlayır. Daha gözəl nümunələr isə Qarabağ Universitetinin sosial media hesablarında yer alır və həmin “media orqanları”nın diqqətini nədənsə çəkmir. Çox təəssüf…
Kimlərinsə öz aləmində gülmək və ya reytinq üçün etdiyi bu paylaşımların əslində dövlətimizin haqq işinə, universitet quruculuğuna və digər vacib məsələlərə zədə vurduğunu anlamır. Bəlkə də anlayır…elə məqsəd budur…”.
A.Qorxmaz