Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Tehsilmedia.az xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə 3 məsələnin - Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.
Komitə sədri 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək bildirib ki, sessiya dövründə komitənin 9 iclası keçirilib, iclaslarda 15 məsələ müzakirə olunub.
Sonra komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planını təqdim edən Bəxtiyar Əliyev deyib ki, planda “Ali təhsil haqqında” qanun layihəsinin, həmçinin qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi və digər məsələlər yer alıb.
İclasda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, sənəddə “Təhsil haqqında” Qanuna nəzərdə tutulan dəyişiklikdə məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsi nəzərdə tutulub.
Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.