Yanvarın 24-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ideyasının fəlsəfi, ictimai-siyasi mahiyyəti” mövzusunda elmi konfrans keçirilib.
Bildirilib ki, konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli “Müstəqillik idealının gerçəkləşdirilməsinə həsr edilən ömür yolu” mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan Milli Hərəkatının lideri, Xalq Cümhuriyyətinin aparıcı qurucularından olan M.Ə.Rəsuzladə görkəmli, ictimai-siyasi xadim kimi xalqımızın tarixi yaddaşında silinməz iz buraxmış şəxsiyyətlərdən biridir. Ölkə rəhbərinin Sərəncamında da qeyd olunduğu kimi, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.
Eynulla Mədətli bildirib ki, M.Ə.Rəsulzadə ömrünün 50 ilindən artıq böyük hissəsini Azərbaycan naminə siyasi mübarizəyə və yazıçılığa həsr edib, maddi və mənəvi çətinliklər, ziddiyyətlər, çəkişmələr onu mübarizə yolundan döndərə bilməyib. Bu ağır, çətin dövr ərzində onun ictimai-siyasi əzmi və iradəsi zəifləmədi, əksinə, zaman keçdikcə daha da gücləndi. İctimai siyasi-ideyalar ədəbi və siyasi liderlərin fəaliyyəti və yaradıcılığının məhsuludur.
Professor Habil Qurbanov çıxışında M.Ə.Rəsulzadənin ictimai, siyasi, ədəbi həyatına və onun Cümhuriyyət quruculuğu yolunda fəaliyyətinə nəzər salıb.
Tədbirdə “M.Ə.Rəsulzadə irsinə yaradıcı münasibət: millətləşmə prosesində və dövlətçiliyin inkişafında Azərbaycançılığın bir ideya – prinsip kimi əhəmiyyəti”, “Ulu Öndər Heydər Əliyevin Rəsulzadə irsinə münasibəti və varislik məsələsi”, “M.Ə.Rəsulzadə və “Azərbaycan” ideyası” və digər mövzularda məruzələr dinlənilib.
Professorlar Əli Abasov, Adil Əsədov, Rəfail Əhmədli və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda E.Mədətli “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının M.Ə.Rəsulzadə irsinin dərindən və əhatəli şəkildə tədqiqinə və ədalətli şəkildə tədqiqinə yol açacağını qeyd edib, bu sahədə Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının üzərinə düşən vəzifələri diqqətə çatdırıb.