Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində məktəblərdə metodik xidmət göstərəcək metodistlərlə görüş olub.
Bildirilib ki, görüşdə müasir metodik xidmətin qurulması barədə ətraflı məlumat verən Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev layihənin və məktəb daxilində metodik xidmətin əhəmiyyətini vurğulayıb. O, uyğun strategiya, sıx əməkdaşlıq və qarşılıqlı müzakirənin müəllimlərin peşəkar inkişafını dəstəklədiyini bildirib. Həmçinin metodistlərin fəaliyyət istiqamətlərindən, gənc müəllimlərə mentorluq etmələrindən və Təhsil İnstitutu tərəfindən göstərilən dəstək tədbirlərindən danışıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov məktəblərdə metodiki işin təşkili ilə əlaqədar görülən işlər barədə məlumat verib və metodistlərlə bağlı gözləntiləri qeyd edib.
ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva metodist hazırlığı təlimlərinin təhsilalanların metodiki və pedaqoji bacarıqlarının inkişafı, onlara bu istiqamətdə dəstək göstərilməsi məqsədilə Təhsil İnstitutu tərəfindən hazırlanmış tədbirlər planından bəhs edib.
Tədbir qarşılıqlı müzakirə şəraitində davam edib, yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.