SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət "Power smart" komandası "EnergyTech" hakatonunun qaliblərindən biri olub.
Bu barədə "TehsilMedia.az”a BANM-dən bildirilib.
Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və "Azərişıq ASC"nin təşkilatçılığı ilə keçirilib. "Power smart" komandasının üzvləri Ruslan Murtuzov, Arzu Məmmədova, Hüseyn Fərzəli və Rüstəm Akiflidir.
Onlar "Onlayn müraciətlərin artırılması” mövzusunda olan ideya üzərində hazırladıqları məhsulla qalib olublar. BANM təmsilçiləri 20 komanda arasından seçilərək II yerə layiq görülüblər.
Hakatonun birinci günündə münsiflər tərəfindən seçilmiş 10 komanda 24 saat ərzində qeyd olunan problemlər üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də "hardware” və "software” proqram tətbiqləri üzərində çalışıblar. Komandaların hazırladıqları prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.