"Elm və təhsil naziri bu vəzifəyə yeni təyin ediləndə tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət səviyyəsində olan məsələlərdən yox. Həqiqətən də təhsildə problemllər çoxdur və aybaay da artır. Amma nazirliyin özünün təhsildə olan sistem xarakterli problemlərdən danışdığını, onları necə həll etdiyini eşitmədik, verilən təkliflərin nəzərə alındığını da görmədik. Təhsildə olan sistem xarakterli problemlər onların gündəliyində yoxdur, çünki bu problemlər aysberqin görünməyən tərəfidir, bunu görmək isə asan deyil".
TehsilMedia.az xəbər verir ki, bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert İlham Əhmədov bildirib.
Ekspert təhsildəki ciddi problemlərdən birinin də bu sahədə qəbul edilmiş dövlət proqramlarının hazırlanması, icrası və monitorinqi ilə əlaqədar olduğunu qeyd edib:
"Təcrübə göstərir ki, təhsilə dair strategiyalar və dövlət proqramlarının əksəriyyəti keyfiyyətsiz və yarımçıq hazırlanır, maliyyələşməsi qeyri-şəffaf və natamam olur, icrası səriştəsiz adamlara həvalə olunur. Heç bu proqramların icra nəticələrinin monitorinqi də aparılmır. Təbii ki, belə dövlət proqramları təhsilə fayda verə bilməz. Bu natamam dövlət proqramlarından biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Beynəlxalq təcrübədə universitetlərin rəqabətədavamlılığı meyarları təxminən belə təyin edilib:
1. Universitetdə təhsilin keyfiyyət səviyyəsi, yəni, universitet ENQA - Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının akkreditasiyasından keçibmi?
2. Universitetdə aparılan elmi-tədqiqatlar və onların nəticələrinin kommersialaşdırılması səviyyəsi necədir?
3. İşəgötürənlərin ali təhsil müəssisələrinin məzunlarına olan tələbatı
4. Universitetin qlobal reytinqlərdə yeri
5. Universitetin əsas ixtisaslar üzrə reputasiyası
6. Büdcə hesabına təhsil alan tələbələrin sayı
7. Tələbələrin xaricdə təhsil imkanları (tələbə mobilliyi)
8. Universitet yataqxanalarında yerlərin sayı
9. Universitetin rəqəmsal transformasiya vəziyyəti
10. Universitetin distant təhsil imkanı
Bu meyarlarla dövlət proqramına nəzər salsaq, görərik ki, proqramda universitetlərin rəqabətədavamlılığı ideyası çox zəif əks edilmişdi. Bu səbəbdən proqram universitetlərimizin rəqabətədavamlılığını təmin edə bilməzdi. Belə təsəvvür yaranır ki, bu proqramı hazırlayanlar universitetlərin rəqabətədavamlılığı anlayışı barədə zəif təsəvvürə malik olublar. Ona görə də proqramı universitetlərimizin rəqabətədavamlılığını yüksəldə bilmədi. Şübhəsi olan yuxarıdakı 10 meyara bir daha baxsın".