ADA Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Maliyyə”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Riyaziyyat” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.
TehsilMedia.az xəbər verir ki, qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:
- Abituriyentlər iyun ayının 8-dək ümumi qaydada “Abituriyentin elektron ərizəsi”ni doldururlar və təsdiq edirlər (etdirirlər);
- İyun ayının 30-dək təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi”nin surətini və SAT imtahanının nəticəsi barədə məlumatı kağız daşıyıcıda DİM-ə təqdim edirlər, elektron şəkildə isə SAT imtahanının nəticəsini “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) göndərirlər;
- İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini kağız daşıyıcıda DİM-ə təqdim edirlər;
- İyun ayının 30-dək “ADA” Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldururlar;
- İyun ayının 30-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə “ADA” Universitetinə (kod 7799) göndərirlər;
- İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini "ADA" Universitetinin elektron ərizə formasına yükləyirlər və "ADA" Universitetinə elektron şəkildə göndərirlər;
“ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.
“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.