Görünür ki, Bağça müdirliyi bir insanın bir insana verə biləcəyi ən gözəl hədiyyədir. Bunu biz demirik. Bunu həyat sübut edir. Hardasa əsərlərdən çıxan bir "yekəqarınlı", "bığı burma kişi" falankəsin qohumu olan dövlət məmuru bir "xanıma" Bağça müdirliyi hədiyyə edir. Nə gözəl bir hədiyyə! TƏRBİYƏ ocağının başına bir TƏRBİYƏSİZ! Görəsən bu naməlum vəziyyət altında məhv olan uşaqların taleyi necədir? Kimisə maraqlandırırmı?
Özünü, ailəsini idarə edə bilməyən, özünə, mənliyinə hörmət qoymayan biri necə bu ağır məsuliyyətli işin altına girir? Düşünürsünüzmü bu insanlığa vurulmuş ən böyük zərbədir. Bağçalar uşaqların sosial həyata qoşulduğu ilk tərbiyə ocağıdır. Uşağın şəxsiyyətinin və mənliyinin formalaşması məhz bağçalardan başlayır. Amma Bağça müdirlərinin çoxu ixtisası tamamilə başqa olan, təlim-tərbiyə ilə, ya da uşaq pedaqogikası ilə əlaqəsi olmayan kimsələrdir.
Bu hadisələrə elə ən çox Bakı və Bakı ətrafı ərazilərdə rast gəlirik. Bakının mərkəzində, rayonlarında, kəndlərində, Sumqayıtda biz bu hallarla çox rastlaşırıq. Kimlərəsə "Bağça müdiri" vəzifəsi hədiyyə edilib!
Bu da az deyilmiş kimi dəyişən təhsil qanunlarını saya salmır. Region təhsil idarələrinin əmrlərini əsas götürmürlər. İcra hakimiyyəti tərəfindən vəzifəyə qoyulan "xanımcıqlar" "Məmmədhəsən kişinin" qohumu olduğunu israrla vurğulayırlar. Bağçaların İcra hakimiyyətindən Nazirliyə tabe olması qərarını qəbul etməyə çətinlik çəkirlər. Bütünlüklə üzərində düşən vəzifələrdən boyun qaçırır. Oturduğu stulun ağırlığı, məsuliyyəti haqqında düşünməkdən belə aciz qalırlar.
Beyinlərdə "köhnə hava" qalıb. Düşünürlər ki, bu şəkildə davam etməlidirlər. Belə "insancıqlarla" məhv olan təhsil, bərpası mümkün olmayan bir cəmiyyət formalaşdırır. Bu bəlanı görmək və aradan qaldırmaq lazımdır.