
Təhsildə verilən qərarlarda müəllim, valideyn və şagirdlərin rəylərinin heç bir əhəmiyyət daşımaması getdikcə daha ciddi problemlərin yaranmasına səbəb olur. Əsas "yuxarıdakılardır", "nə desək etməyə məcburdular" yanaşması vəziyyəti daha da gərginləşdirir. Dərslərin çox ağır rejimdə keçirilməsi, dərsliklərin şagirdlərin yaş və psixoloji səviyyəsinə uyğun olmaması, dərslikdəki informasiyaların nəzəri və praktiki cəhətdən qavranılmasının imkansızlığı, dərslik və keçirilməsi nəzərdə tutulan proqramın məktəbin maddi texniki baza və infrastrukturu ilə uyğun olmaması və s kimi problemlər artıq getdikcə cəmiyyətdə ciddi problemlər yaradır. Müəllimlər və valideynlər materialların qavranılması, proqramın gərginliyindən şikayətlənir, psixoloqlar və həkimlər dərs yükünün çox olması və şagirdin normal bir insan kimi formalaşması və dincəlməsinə vaxt olmamasının getdikcə daha ciddi problemlərdən xəbər verdiyini bildirir. Üstəlik elə bir münasibət göstərilir ki, nəinki müəllimlər hətta valideynlər də bütün məsuliyyətlərini, işlərini kənara qoyub ancaq uşaqların ev tapşırıqları ilə məşğul olmalıdırlar. Bu tamamilə yanlışdır. Davamlı şəkildə sosial şəbəkələrdə şikayətlər artarkən ETN, MÜTDA, ARTİ-nin heç bir addım atmadan yenə də öz bildiklərini etməsi müəllim-şagird-valideyn heyyətinə qarşı çox böyük hörmətsizlikdir. Bütün bu qurumlar təhsili inkişaf etdirmək, cəmiyyəti inkişaf etdirmək üçündür. Təhsilin iştirakçıları davamlı uğursuz olduğunu vurğulayırsa, qurum niyə təhsil iştiraçlarına qarşı olmalıdır? Niyə onlar üçün deyil, onlara qarşı olmalıdır? Niyə əksinə cəmiyyəti korlaşdırmağa xidmət etməlidir?
Zənnimcə, bu çox ciddi problem üzrə düşünmək lazımdır. Hələ də vəziyyət bu qədər gərginləşərkən daha da diqqətli olmaq lazımdır.