Fevralın 1-də Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Elmi şurasının 2024-cü il üçün ilk iclası keçirilib.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, Elmi şuranın sədri, institutun direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov gündəlikdəki məsələləri iştirakçıların diqqətə çatdırıb.
İclasda qarşıda duran vəzifə və öhdəliklər, institutun fəaliyyətinin yeni tələblər əsasında qurulması, cari il üçün prioritetlərin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. İnstitutun 2021– 2025-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2024-cü ildə yerinə yetiriləcək işlər təsdiq olunub.
Elmi şuranın iclasında, həmçinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində institutun görəcəyi işlər, planlar barədə danışılıb, dissertasiya işlərinin müzakirəsi aparılıb. Elmi şuranın üzvləri müzakirələrdə fəal iştirak edərək fikir və təkliflərini səsləndiriblər.
İclasda Azərbaycan Gəncləri Günü münasibətilə elm sahəsində fəaliyyətinə görə fərqlənən tədqiqatçıların mükafatlandırılması üçün qərar qəbul olunub.