Şəxsiyyətin inkişafı və formalaşması , ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və bütün bu inkişafların sonrakı illərə təsiri ilə həyatın kritik dövrlərindən biridir. Bu kontekstdə məktəbəqədər təhsil təhsilin əsasının qoyulduğu dövrdür.
Məktəb yaşına çatmamış uşaqlar üçün tərbiyə, əyləncə müəssisəsidir. Övladlarımız bağçaya getməyə başlayır. Amma necə başlanır? Tərbiyəçi-müəllimlər, dayələr uşaqlarla necə rəftar edirlər? Bu gün əksər bölgələrdə uşaqları bağçaya qoymaq "günah" sayılır. Ya uşağı sevmir, ya çarəsizdir?! Bəs həqiqətən bağça nəyə xidmət eləməlidir?
Bağçalarımızda vəziyyət necədir?
Bağçalarımızdakı ümumi vəziyyət acınacaqlıdır. Demək olar ki, bağçalar maddi texniki-baza və infrastruktur cəhətdən bərbat haldadır. İstifadə edilən binalar yararlı deyil. Əksəriyyət binaların divarları, qapıları, sanitar qovşaqları, pəncərələri bərbat haldadır. Gigiyenik cəhətdən, ya da ümumi sağlıq cəhətdən yararlıdırmı? Tamamilə şübhə altındadır. Təhsildəki "Təhlükəsiz sinif mühiti" anlayışının bu bağçalardan xəbəri yoxdur.
Yeməklər uşaqların sağlığı və inkişafını təmin edirmi?
Bağçada "məcburi" şəkildə yerləşdirilən guşələrə uşaqların toxunmasına icazə verilmir. Bəs o guşələr kimlər üçündür?
Uşaqlarda həqiqətən bacarıqlar formalaşdırılırmı, yoxsa "səsi çıxmasın nə edir etsin" deyə hərəkət edilir?
Uşaqların əyləncə anlayışını, dünya anlayışını formalaşdırmaq üçün hansı tədbirlər görülür?
Ən əsas problem əksər bağçalarda kamera yoxdur. Valideynlər uşaqlarına qarşı fiziki və psixi zorakılıq halları ilə qarşılaşması baxımından nigarandır. Dəfələrlə uşaqlara qarşı fiziki və psixi zorakılıq edib, uşağı belə tərbiyələndirərlər deyən işçi heyyəti axı kimə lazımdır? Uşaqlara "xoxan" var, "səni itə atacam" , "polisə verəcəm" , "həkimə aparacam" və s. kimi qorxuyla dediklərini etdirdiklərində uşaqlarda yaranan travmaları dərk edirlərmi?
Oğlanlarla qızları eyni vaxt toletə salıb sonra valideyn şikayət etdikdə özlərin haqlı çıxartmaq üçün lazımsız faktlar gətirirlər. Bütün gün telefonla danışıb, kobud şəkildə uşaqları incidən müəllimləri, dayələri, inanmıram ki, nə MİQ, nə də Sertifikasiya düzəldə bilər.
Bunların qarşısı birbaşa alınmalıdır?
Uşaqlarımızın tərbiyəsini əmanət etdiyimiz tərbiyəçilər nə qədər tərbiyəlidir? Axı bunu kim ölçəcək?