Ötən yazımızda Elvin Abbasovun saxta diplomla Beyləqan təhsilində at oynatmağından bəhs etmişdik və bu yazımız Elm və Təhsil naziri Emin Əmrullayevə bir müraciət kimi də qəbul edilə bilər. Çünki bu sahədə pis nə baş verirsə, buna görə daha çox qınanılan, tənqid edilən də məhz cənab Əmrullayevdir. Bu gün Azərbaycan təhsil sistemində bütün baş verən proseslərin məsuliyyətini Emin Əmrullayev bir nazir olaraq öz üzərinə götürüb. Ona görə də o verdiyi qərarlarda, imzaladığı sənədlərdə, hətta əmr verərkən belə diqqətli olmalı, adi bir səhvə belə yol verməməlidir.
Məlum məsələdir ki, təhsil hər bir dövləti, xalqı aydınlığa, inkişafa aparan tərəqqi yoludur. Buna görə də təhsil strategiyasına uyğun şəkildə mütərəqqi islahatlara imza atılmalı, təhsilin keyfiyyətinə təsir edən mühüm amillər üzərində qərarlar qəbul edilməlidir. Bunun üçün də ilk növbədə kadrların təyinatı məsələsində diqqətli olmaq vacibdir. Əlbəttə ki, təhsilə yad və kənar şəxsləri gətirib strateji-ideoloji sahəyə, yumşaq ifadə ilə desək, yerləşdirəndə söz yox ki, təhsili öz əlimizlə mənəvi terrora sürükləyirik. Buna görə də həm Elm və Təhsil Nazirliyi, həm də dövlətin ayrı-ayrı qurumları kadr təyinatı məsələlərində mütləq diqqətli olmalıdır. Ölkənin tərəqqisi də, tənəzzülü də məhz həmin kadrlardan asılıdır.
Xatırlayırsınızsa, ötən yazımızda
Elvin Abbasovun özbaşınalığı haqqında yazmışdıq.
Mənbə: Realmedia.az
“Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov necə və hansı tələblərlə sektora müdir təyin edilib? Və yaxud Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?
Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Yəni, Beyləqan təhsili tarixən çörəkli yer olub. Amma onu deyək ki, Elvin Abbasov əvvəlki təhsil müdirlərindən çox fərqlənir. Biz inanmırıq ki, o bu sahəyə qazanmaq, varlanmaq, qaz vurub-qazan doldurmaq üçün gəlib. Amma onun əvvəlki sələflərindən bir fərqi var. Nədir o fərq? Məsələn, əvvəlki təhsil müdirlərinin diplomu ilə bağlı ictimaiyyətdə hər hansı bir dolaşıq söz-söhbətlərə rast gəlməmişəm. Ancaq bu gün, Beyləqanda onu tanıyanlar Elvin Abbasovun diplomunun dövlət sənədi olmamasını danışırlar. Hətta Elvin bəyi yaxından tanıyanlar onun necə və nə vaxt, harda oxuduğuna da “mat-məəttəl”qalıblar.
Onu tanıyanlar bildirir ki, Elvin Abbasov taksi sürücüsü kimi fəaliyyət göstərib. Sonradan isə sələmçiliklə, yəni faizə pul verməklə məşğul olurdu. Məhz o, bu yolla, haram (sələmçiliklə) pul qazanmaqla varlandı. Yəni, hazırda Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri ilə Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunan Abbasov Elvin Sevdimalı oğlu rayonda müəllim kimi yox, “sələmçı Elvin” kimi tanınıb. Belə bir şəxsin birdən-birə bir rayonun təhsil sektoruna müdir təyin edilməsi olduqca qəribə görünür. İnsanlar haqlı olaraq sual edirlər ki, sələmçi hara, təhsil müdiri hara. Əslində bu insanların haqlı mövqeyidir. Əslində biz Elvin Abbasovun faizə (sələmə) pul verməsini, sələmçiliklə pul qazanmasını qəbul edirik. Olsun! Zatən ölkənin ən iri məmurları bunu edirlər. Görün, ölkədə nə qədər mərc oyunlarından pullar qazanılır. “Azərlotereya” ASC bütün bölgələrdə qumarxanalarla açıq-aşkar ciblərə girirlər “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Bu səbəbdən də Elvin Abbasovu qınamırıq. Və hesab etmirik də ki, onun sələmçi kimi ad çıxarması“ karyera yüksəlişi” yolunda onun üçün ciddi əngələ çevrilə bilər.
Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlərdir. Əldə etdiyimiz məlumata görə, Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edib. Başqa bir mənbənin bilgisinə görə isə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Bəs yaxşı, onda belədirsə, Elvin Abbasov bu diplomu necə əldə edib? Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni, bu qədərmi bəsitdir hər şey, cənab nazir?
Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün TN-ə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor, az müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit bir şey!
Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub. Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.
Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb.
Bundan əlavə şəkillərdən göründüyü kimi, bir çox insanlar yaltaqlıq edərək Elvin Abbasovu tərif yağışına tutublar. həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən yaltaq insanlar Elvin Abbasovu elə müdafiə edirlər ki, sanki ovsunlanıblar. Bu yaltaqlığı edənlərin haqq-ədalət, vicdan, insanlıq yadlarına düşmür.
Azərbaycanda demokratik imic daşıyan şəxslərin əksəriyyəti bu yaltaqlıq virusunun daşıyıcısıdır.
Elə xalqı aldatmağın özü də bir yaltaqlıqdır. Saxta diplomla təhsil sahəsinin inkişafı üçün çalışdığını söyləyən sektor müdirinin olması da böyük qanunsuzluqdur.
İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?
Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq, Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul olub - olmamasını, olubsa, neçə balla qəbul olmasını, eləcə də Müəllimlər İnstitutunun Zaqatala filialında tarix-coğrafiya fənni üzrə ixtisasın olub - olmamasını aydınlaşdıracaqlar.
Mənbə: Realmedia.az