
"Onun uşağı qədər bal toplamasan səni öldürəcəm!”, "Səni övladlıqdan rədd edəcəm!” – bu ifadələr imtahanlarda zəif nəticə göstərən bir çox abituriyentlə valideylərin arasında olan dialoqdur. İmtahanda zəif nəticə göstərən uşaqların valideynləri tərəfindən psixoloji təzyiqə məruz qalması acı nəticələrə səbəb ola bilər. Psixoloqlar bu hallarla bağlı həyəcan təbili çalır. Mütəxəssislərin sözlərinə görə valideynlər bu vəziyyətlərdə tənqidedici yox, dəstək olan tərəf olmalıdır. Onların sözlərinə əsasən, cəmiyyətdə "xalxın uşağı” sindromu yaranıb. "Xalxın uşağı 700 bal topladı”, "Bu universitetə qəbul oldu” kimi ifadələr işlədən valideynlər öz övladının emosianal durumunu anlamır. Mütəxəssislərin sözlərinə görə, gələcəkdə intiharların sayı çoxalacaq. Səbəbini də belə izah ediblər ki, hər uşağın mərkəzi sinir sistemi eyni deyil. Hər bir abituriyent imtahandan əvvəl psixoloji dəstək görməlidir. Mütəxəssislər qeyd edir ki, valideynlər yaxşı bal və yaxud övladının sağlamlığını seçməli olsa, heç vaxt yüksək nəticə seçilməyəcək. Övladlarmıza onları hər şərtdə sevdiyimizi və dəstək olduğumuzu hiss etdirməliyik.
Təhsil üzrə mütəxəssis Elşən Qafarov bildirib ki, imtahanda zəif nəticə göstərən şagirdlər anlamalıdır ki, bu son deyil. İlk öncə, zəif nəticəni aradan qaldırmaq üçün daha çox oxumağı və biliklərini genişləndirməyi və növbəti imtahanda yüksək nəticə göstərməyi özlərinə hədəf seçməlidirlər. Mütəxəssislər bildirir ki, hələ qarşıda imtahanların növbəti mərhələsi var. Bu müddətdə valideynlər övladlarına dəstək olmağa davam etməlidirlər.