Təhsil naziri hər çıxışında təkrar edir: “Heç kimin pul yığmaq haqqı yoxdur.” Sözlər şirin, mesaj gurultulu. Amma məktəblərin gündəlik reallığı tamam başqa mənzərədir.
Siniflərdə “xadimə pulu”, “fond pulu”, “müəllimlər günü”, “8 Mart”, “ad günü”, “iş dəftərləri” adı altında valideynlərdən pul yığılma ənənəsi hələ də davam edir. Sadəcə ad dəyişib, üsul dəyişib, amma sistemin kökü eynidir. İstəyirsən övladın “kənarda qalmasın”, istəməsən müəllim də, valideyn də səni susqun şəkildə hədəfə alır. Yəni qanun qadağan edir, amma məktəb məcbur edir.
İkincisi, dərs saatları məsələsi. İllərdir eyni bəhanə: “Sertifikasiya nəticələrinə uyğun dərs bölgüsü aparılacaq.” Əslində isə nəticədən çox “qohumluq əlaqəsi” və ya “pul kisəsinin qalınlığı” həlledici olur. Ən yaxşı nəticə göstərən müəllim kənarda qalır, amma yaxın adamı olan, pulunu verən daha çox saat əldə edir. Bu sistem müəllimin səviyyəsini yox, onun tanışlıq şəbəkəsini ölçür.
Burada sual yaranır: əgər nazir açıq şəkildə “pul yığmaq olmaz” deyirsə, bəs bu qədər pul hansı mexanizmlə yığılır? Əgər “dərs saatları satılmır” deyirsə, niyə müəllimlər illərdir eyni oyunların şahidi olurlar?
Deməli, ya bu çıxışlar sadəcə ictimaiyyətə “gözə kül üfürmək”dir, ya da Təhsil Nazirliyi öz sisteminə nəzarət edə bilmir. Hər iki halda zərər çəkən cəmiyyətin gələcəyidir.
Əslində təhsildə problem nə müəllimlərdə, nə də şagirdlərdədir. Problem yuxarıda – sistemdədir. Sistemin içində pulun sözü qanundan, qaydadan və hətta nazirin öz açıqlamalarından daha keçərlidir.
Və bu ikili oyun davam etdikcə, təhsildə nə keyfiyyət artacaq, nə də ədalət bərqərar olacaq. Çünki ədalətin satıldığı yerdə bilik heç vaxt dəyərli ola bilməz.