Elm və Təhsil Naziri Emin Əmrullayevin son brifinqdə söylədiyi fikirlər, cəmiyyətdə haqlı olaraq ciddi narazılıq doğurub. Təəssüf ki, bir ölkənin təhsil naziri, həm milli, həm də dini dəyərlərimizi ayaq altına atacaq qədər məsuliyyətsiz açıqlamalar verir.
Pulsuz Təhsil – Millətin İrsiNazir iddia edir ki, keyfiyyətli təhsil pulla bağlıdır. Bəs necə olur ki, 1920–1991-ci illərdə pulsuz təhsillə yüzlərlə alim, on minlərlə mütəxəssis yetişdi? Onların zəhməti ilə bu gün müstəqil Azərbaycan var, biz varıq, hətta özü kresloda oturub “islahat” adı altında təhsil sistemini dağıdır. O alimlərin sayəsində bu gün Emin Əmrullayev adında bir nazir var, amma görünür, tarixdən xəbərsizdir.
Müəllimi Kiçiltmək – Milləti Kiçiltməkdir
Nazir deyir ki, 4 saat dərs deyənə müəllim demək olmaz. Bəs minilliklər boyu müəllimə hörmətin əsasını qoyan dəyərlər necə olsun? Peyğəmbər deyib: “Mənə bir hərf öyrədənə min il nökər olaram.” Heydər Əliyev isə müəllimliyi ən şərəfli peşə adlandırıb. İndi isə nazirin bu sözlərinə görə belə çıxır ki, peyğəmbər də, ulu öndər də səhv ediblər?!
Müəllim 1 saat da dərs deyə bilər, 10 saat da. Məsələ saatda deyil, şagirdin qəlbinə, beyninə toxunan bilikdədir. Müəllimi “dərs saatı” ilə ölçmək, təhsili “pul”la bağlamaq ən yumşaq ifadə ilə desək, cahillikdir.
Rüşvət və İslahat Maskası
Əslində Emin Əmrullayevin bütün “reformaları” bir hədəfə xidmət edir – təhsili bazara çevirmək. Məktəbi, müəllimi, hətta uşağı belə biznes obyektinə çevirmək. Cəmiyyətin gözünə tüstü vermək üçün isə saxta “rəqəmsallaşma”, “keyfiyyət” vədləri səsləndirilir. Amma nəticə? Rüşvət, korrupsiya, bərbad məktəblər və demotivasiya olunmuş müəllim ordusu.
Son SözTehsilmedia.az bildirir ki, müəllimi kiçildən, təhsili pula bağlayan bir nazir millətin gələcəyini düşünmür. Əksinə, o gələcəyi satır. Çünki millətin gələcəyi müəllimin əlindədir, müəllimi kiçiltmək isə gələcəyi məhv etməkdir.
Əgər Emin Əmrullayev bu kursu davam etdirəcəksə, cəmiyyət bir gün onun “təhsil islahatları”nı ən böyük təhsil fəlakəti kimi xatırlayacaq.