Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev dəfələrlə bəyan edib ki, “keyfiyyətli təhsil ucuz başa gələ bilməz”. Bu ifadə, ilk baxışdan, normal görünə bilər: təhsilə investisiya lazımdır, yaxşı mütəxəssis yetişdirmək üçün resurs sərf edilməlidir. Amma cəmiyyətin sualı başqadır: ucuz olmayan bu “keyfiyyət” kimlərin cibini doldurur və kimlərin hesabına başa gəlir?Nazir ailəsinin “Cambridge paradoksu”
Emin Əmrullayevin həyat yoldaşının Britaniyanın ən bahalı təhsil ocaqlarından biri olan Cambridge Judge Business School-da təhsil alması faktı cəmiyyətin diqqətindən yayınmayıb. İllik təhsil haqqı 63 min funt sterlinq olan bu məktəbin ödəniş mənbəyi barədə isə cənab nazir hələ də heç bir açıqlama verməyib. Halbuki, sadə müəllim 500–600 manat maaşla ailəsini güclə dolandırır.
Suallar çoxdur:Bu məbləğ hansı vəsait hesabına ödənilib?
Sadə müəllimlərin, valideynlərin ödədiyi pullar, bəlkə də, dolayı yolla həmin “keyfiyyətli təhsilin” sponsorudurmu?
Əgər şəffaflıq varsa, niyə ictimaiyyətə cavab verilmir?
Təhsil sektorunda “susdurulmuş həqiqətlər”Tehsilmedia.az qeyd edir ki, Nazirliyin regional şöbələrinə, məktəb direktorlarına təyinat mexanizmi də illərlə müzakirə mövzusudur. Cəmiyyətin gözü qarşısında yüzlərlə fakt var:
Rəhbər vəzifələrə pul qarşılığında təyinat;
Müəllimlərdən və direktorların öz kollektivindən müntəzəm rüşvət yığılması;
Ara-sıra gündəmə düşən “günah keçiləri”nin işdən azad olunması – yalnız səs yazısı və ya video yayılanda tədbir görülməsi.
Müəllimlərə sinif açılması üçün pul tələb edilməsi, dərs saatlarının satılması və s
Belə çıxır ki, məsələ sistematik deyil, sadəcə görünən izləri ört-basdır etmək üçün “şou xarakterli” addımlar atılır. Qalan rüşvət şəbəkəsi isə olduğu kimi qalır.
“Layihə biznesi” – yeni gəlir mənbəyiNazirliyin ən çox güc verdiyi istiqamətlərdən biri də müxtəlif “təlimlər”, “layihələr” və “təkmilləşmə proqramları”dır. Kağız üzərində müəllimlərin inkişafı üçün nəzərdə tutulan bu təşəbbüslər əslində böyük maliyyə dövriyyəsinə çevrilib. Layihələrin böyük hissəsi xarici donor pulları və ya dövlət vəsaiti hesabına həyata keçirilir. Amma sual budur: həmin vəsaitlərin hansı hissəsi real təkmilləşməyə sərf olunur, hansı hissəsi isə şəxsi ciblərə yönəlir?
TəhsilMedia.az bildirir ki, cəmiyyətin gözü qarşısında müəllimlər yenə köhnə problemlərlə üz-üzədir: aşağı maaş, ağır iş yükü, obyektiv olmayan qiymətləndirmələr, rüşvət tələbləri. Amma “layihə biznesi” isə hər gün böyüyür.
Nəticə: Təhsilin yükü xalqın çiynində, faydası kimə?Emin Əmrullayevin tez-tez səsləndirdiyi “keyfiyyətli təhsil ucuz başa gələ bilməz” ifadəsi əslində, acı bir həqiqəti gizlədir: Azərbaycanda təhsil sektoru keyfiyyətə yox, korrupsiya mexanizminə xidmət edir. Keyfiyyət bahalıdır, amma bahaçılığın yükünü müəllim, valideyn və şagird daşıyır – faydasını isə yuxarıdakı məmurlar görür.
Əslində, keyfiyyətli təhsil bahalı deyil, ədalətli idarəetmənin nəticəsidir. Təhsildə şəffaflıq, rüşvətsiz sistem və vicdanlı rəhbərlər olsaydı, keyfiyyət üçün əlavə “63 min funt” xərcləməyə də ehtiyac qalmazdı.
Azərbaycan təhsilində real islahat yalnız bir halda mümkündür: rüşvət və korrupsiya mexanizmi kökündən dağıdılsa. Əks halda, nazirin “keyfiyyətli təhsil ucuz ola bilməz” tezisi sadəcə bir bəhanə olaraq qalacaq – xalqın cibindən çıxan pul isə kimlərinsə şəxsi lüks həyatına çevriləcək.
TəhsilMedia.az