Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışlarında deyir ki, son zənglər çox darıxdırıcı keçdi, bir-iki müəllim meyxana qoşdu, camaat irad bildirdi, biz də ləğv etdik. Bu açıqlama cəmiyyətə sanki “kefinə görə idarəçilik” nümunəsi kimi təqdim olunur. Sual yaranır: Təhsil kimi strateji bir sahəyə rəhbərlik edən şəxs bu qədər məsuliyyətsiz yanaşa bilərmi?
Son zəng — şagirdin həyatında yalnız bir dəfə yaşadığı simvolik bir gündür. Orada onun illərlə çəkdiyi zəhmətin yekunu, gələcəyə yola salınması, məktəb illərinin yaddaşlara həkk olunması dayanır. Amma nazirin yanaşması isə çox səthi və bayağıdır: “darıxdırıcı idi” deyib keçmək. Görəsən, onun öz övladının son zəngi belə “burnundan gəlsəydi”, yenə də bu qədər laqeyd və gülə-gülə danışardımı?
Təhsilmedia.az qeyd edir ki, Nazirlik bu məsələni kökündən həll etmək, yeni konseptual yanaşma təqdim etmək əvəzinə, xalq arasında dolaşan söz-söhbətə uyaraq ən asan yola əl atır: ləğv etmək! Halbuki nazirin əsas vəzifəsi cəmiyyətin emosional çıxışlarına uymadan tənqidi təfəkkür göstərmək, araşdırmaq, analiz etmək və ən optimal qərarı verməkdir. Amma görünən odur ki, bu keyfiyyətlər mövcud deyil.
Cəmiyyətin gözü qarşısında bir daha təsdiqləndi: bu gün Təhsil Nazirliyi elə bil ki, təsadüfi birini götürüb kresloya oturdublar. Nə strateji baxış, nə analitik düşüncə, nə də liderlik keyfiyyətləri. Nazir olmağı üçün tələb olunan ən kiçik şərtlər belə yoxdur.
Əslində isə son zənglərin “darıxdırıcı” yox, unudulmaz və mənalı keçməsi üçün dövlət dəstəyi, vahid proqram, yaradıcı yanaşma və müəllim-şagird əməkdaşlığı lazımdır. Təhsil rəhbərinin borcu budur. Amma bizdə nə var? Əlində mikrofon, dilində sadəcə bir bəhanə: “çox darıxdırıcı idi”.
Bu artıq sadəcə səhlənkarlıq deyil, təhsilin gələcəyinə qarşı açıq-aşkar biganəlikdir. Nazir kreslosu “sınaq meydançası” deyil. Burada oturan şəxs milli-mənəvi dəyərləri, gənclərin taleyini, təhsilin strateji əhəmiyyətini başa düşməlidir.
Bugünkü mənzərə isə acıdır: Təhsil Nazirliyi cəmiyyətin güvənini itirir, təhsil sistemi isə məsuliyyətsiz qərarların qurbanına çevrilir.