Son günlər Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin açıqlamaları diqqət çəkir. O, bildirib ki, “4 saat dərs keçənə müəllim demək olmaz.” Bu açıqlama bir tərəfdən düzgün dərs yükünün vacibliyini vurğulayır, lakin reallıq göstərir ki, müəllimlərə verilən dərs saatları sistemli şəkildə düzgün təşkil olunmur.
Problemin mahiyyəti budur: bir sinifdə 100 şagird varsa, dərs saatı bölüşdürülməli və müəllimlərin yükü ədalətli olmalıdır. Lakin indiki praktikada müəllimlər boş fərdi dərslər və yığma dərslər alırlar, ya da müxtəlif bəhanələrlə dərs saatları əllərindən alınır. Bu isə müəllimin peşəkar fəaliyyətinə birbaşa zərbə vurur və onların motivasiyasını sarsıdır.
Ən ciddi məsələ isə müəllimlərin təhdid altında olmasıdır. Sanki hər hansı bir narazılıq ifadə etmək qadağandır. “Heç nə deməyin, işdən çıxarıla bilərsiniz” kimi ifadələr təhsil sistemində hökmranlıq edən qorxu mühitini göstərir. Belə şəraitdə müəllimlərin yaradıcı fəaliyyəti mümkünsüz olur və nəticədə təhsil keyfiyyəti zərər görür.
Suallar açıq qalır: Niyə müəllimlərin dərs saatı düzgün paylanmır? Niyə onlar əsas işi – keyfiyyətli dərs keçmək üçün şəraitdən məhrum edilir? Niyə təhsil idarələrində müəllimlərin hüquqlarına hörmət edilmir və onları qoruyan mexanizmlər işləməyir?
Bu vəziyyət təkcə müəllimləri deyil, bütöv təhsil sistemini təhlükəyə atır. Ədalətli dərs saatları, peşəkar motivasiyanın təmin olunması və müəllimlərin sözünü sərbəst demək haqqının qorunması bu məsələnin həllində əsas addımlar olmalıdır. Təhsil yalnız rəqəmlər və bürokratik göstəricilərdən ibarət olmamalıdır; əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının inkişafıdır.
Əks halda, sistemdəki bu ədalətsizliklər uzun müddət davam edəcək və nəticədə həm müəllimlər, həm də şagirdlər itirəcək. Təhsil sahəsində islahatlar yalnız rəsmi açıqlamalarla deyil, real, praktik dəyişikliklərlə ölçülməlidir.