"Yüksəliş” müsabiqəsinin İşçi qrupu və qalibləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak ediblər.
TehsilMedia.az xəbər verir ki, festivalda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva da iştirak edib. O, qalibləri dünyanın çoxsaylı folklor nümunələrini özündə birləşdirən Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri ilə tanış edib, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsində "Xarıbülbül” festivalının keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.