Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə tanınmış alim, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun xatirəsinə həsr olunmuş "Alim ömrünün işığında” filminin təqdimatı keçirilib.
İnstitutdan "TehsilMedia.az”a bildirilib ki, tədbirdə çıxış edən Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev əsərlərini milli yaddaşımızın oyanışına həsr etmiş tanınmış alim Cəlal Qasımovun bütün nəsillərə örnək ola biləcək şəxsiyyət olduğunu vurğulayıb.
Sonra Folklor studiyasının hazırladığı "Alim ömrünün işığında” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra AMEA Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxış edərək Cəlal Qasımovu təkrarsız bir şəxsiyyət adlandırıb. O, filmin məhz "Heydər Əliyev İli”ndə çəkilib göstərilməsinin çox böyük rəmzi məna daşıdığını qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin silahdaşlarından olan, onun azərbaycançılıq ideyasını daşıyıb inkişaf etdirən, bu ideyaya böyük elmi əsərlər həsr edən bir alim haqqında filmin çəkilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini Seymur Şeydayev, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Tahirə Məmməd də çıxış edərək dəyərli alim, təvazökar və xeyirxah insan Cəlal Qasımovla bağlı xatirələrini bölüşüblər.
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov çıxışında bildirib ki, professor Cəlal Qasımov öz güclü şəxsiyyətini yazısına gətirən, üsluba, əqidəyə, konsepsiyaya çevirə bilən nadir tədqiqatçılardandır. Cəlal Qasımovun qələmindən çıxan, böyük vətəndaşlıq yanğısının məhsulu olan elmi əsərlər zaman keçdikcə dəyərini artıracaq, onun elmi irsi həmişə yaşayacaq.
Tədbirin sonunda professor Cəlal Qasımovun oğlu Fuad Qasımov AMEA-nın rəhbərliyinə, filmin ssenari müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovaya, Folklor studiyasının bütün əməkdaşlarına və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.