AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) qardaş Türkiyədə zəlzələ bölgəsində azərbaycanlı mütəxəssislər tərəfindən aparılan tədqiqat işləri ilə bağlı mətbuat konfransı keçirilib.
Bu barədə "TehsilMedia.az" a AMEA-dan bildirilib.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, mərkəz əməkdaşları Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlar aparıblar. Hazırda ərazidən toplanmış məlumatlar analiz edilir. Araşdırmalar başa çatdıqdan sonra alınmış nəticələr hesabat şəklində Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallarının İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ Departamentinə təqdim olunacaq.
Baş direktor mətbuat konfransında, həmçinin Qarabağda quraşdırılacaq seysmik stansiyalar, eləcə də bu ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək beynəlxalq konfrans haqqında da məlumat verib.
Daha sonra jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.