[
Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, sentyabrın 24-də isə danışıq bloku üzrə imtahan keçirilib.TehsilMedia.az xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən 140 namizəd buraxılmışdır.
Xarici dil imtahanının hər iki hissəsində 137 nəfər iştirak edib.
Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.
Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.