Bu gün Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.DİM-dən "
TehsilMedia.az"a verilən məlumata görə, imtahan 17 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi–müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.