SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasının 2-ci kurs tələbəsi İlahə Hacıyeva Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan üçün neftdənkənar dayanıqlı, inteqrasiya olunmuş və gender əsaslı maliyyə” layihəsi çərçivəsində “Gənclər üçün Dayanıqlı İnkişaf məqsədləri və Maliyyə Akademiyası” təlim proqramının ən uğurlu iştirakçısı olub.
TehsilMedia.az xəbər verir ki, təlim proqramının bağlanış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təlimin tələbələr üçün əhəmiyyətini vurğulayıb və BANM tələbələrinin uğurla iştirakından, həmçinin ən fəal iştirakçının rəhbərlik etdiyi Ali Məktəbin tələbəsi olmasından qürur duyduğunu bildirib.
Akademiyanın əsas məqsədi Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (#DİM) uğurla həyata keçirilməsi üçün ixtisaslı işçi qüvvəsinin artırılması və gənclərin cəlbi ilə DİM-lərin maliyyələşdirilməsinə nail olmaqdır.
Akademiyada ümumilikdə 4 seçilmiş universitetdən - ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetindən 63 tələbə 3 fərqli qrup üzrə 4 həftəlik aktiv təlimlərdə iştirak edib.
Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisasının 15 fəal tələbəsi təlimlərdə iştirakına görə sertifikat alıb.