Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin təcrübə qrupunun rəhbəri Tuti Abdullayeva və Beynəlxlaq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva Türkiyənin Kütahya Dumlupınar Universitetinin ”Erasmus+ KA1” proqramı çərçivəsində təşkil etdiyi beynəlxalq həftədə iştirak ediblər.
TehsilMedia.az xəbər verir ki, 15 ölkənin ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndənin qatıldığı tədbirin ilk günündə iştirakçı universitetlərin beynəlmiləlləşmə və mobillik mövzusunda təqdimatları olub. Həftə ərzində "Beynəlxalq layihələrin idarə olunması və davamlılığının təmin olunması”, "Beynəlxalq şəbəkələr və strategiyanın əhəmiyyəti”, "Universitetlərdə beynəlxalq əməkdaşlıqlar: Dəyişən kontekstdə yeni tələb və fürsətlər”, "Beynəlxalq tələbələr və fürsətlər: Çətinliklərə üstün gəlmək”, "Akademik heyət üçün beynəlxalq əməkdaşlıq fürsətləri: Onlayn beynəlxalq yay məktəbi” mövzularında müzakirələr aparılıb.
Səfər çərçivəsində tədbir iştirakçıları Kütahya Dumlupınar Universitetinin tədris və tədqiqat infrastrukuru ilə tanış olublar.
TƏHSİL MEDİA