![](https://tehsilmedia.az/uploads/posts/2023-05/1684488612_valideynsagird.jpg)
Abituriyentlərin böyük həyəcanla gözlədiyi qəbul imtahanları yaxınlaşır. Üçüncü ixtisas qrupu üzrə ilk qəbul imtahanı ayın 20-də keçiriləcək. Abituriyentlər olduqca həyəcanlıdır, bir yandan kənardan psixoloji təzyiq onları daha da stresə salır. Bəzən valideynlərin doğru bilib etdiyi səhvlər ciddi fəsadlar yaradır. Əslində necə davranaq ki, gənclərin həyacanının üstünə həyəcan gəlməsin.
Ali məktəbə qəbul olmaq arzusu ilə gecəsini-gündüzə qatan, aylardır hazırlaşan abituriyentlər imtahan ərəfəsində 2 qat daha çox həyəcan və stres keçirirlər. Belə məqamda bəzi valideynlər özləridə bilmədən fikirləri ilə onlarda qərarsızlıq, ümidsizlik, qorxu və həyəcan yaradırlar.
Övladların da valideynlərdən gözləntiləri var. Valideynlər nəticədən asılı olmayaraq övladına qarşı münasibəti dəyişməməli, onlara özgüvən və inam aşılamalıdırlar. Psixoloqlar deyir ki, imtahan zamanı gənclərdə yaranan həyəcanın əsas səbəbi valideynlərdir.
Valideyn bir çox halda düşünür ki, mən illərdir əziyyət çəkmişəm və övladım mütləq ali məktəbə qəbul olmalıdır. Bəzən bu stres səbəbindən imtahanda düşən hər bir suala cavab vermək iqtidarında olan abituriyent istədiyi nəticəni göstərə bilmir. Abituriyentlərin qəbul imtahanına psixoloji baxımdan hazır olması çox önəmli faktordur.
Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, onları az bal toplasam necə olacaq?, valideynlərim nə hala düşəcək? kimi suallar narahat edir. Belə olduqda beyin bloklanır və bildiyini də unudur. Məhz bu dönəmdə valideynlər daha diqqətli olmalıdır.
Psixoloqlar hesab edir ki, imtahanın nəticələri valideynlərin övladlarına göstərdiyi münasibətdən də asılıdır.
TƏHSİL MEDİA