“İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin məktəb direktoru olması doğru deyil”.
TehsilMedia.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov məktəb direktorlarının seçilməsindən danışarkən deyib.
O qeyd edib ki, məktəb direktoru olmaq istəyən namizədlər ən azı 2 və ya 3 il direktor müavini olaraq işləməlidirlər:
“Bu, çox vacibdir. Digər vacib nüanslardan biri də həmin şəxslərin psixoloji durumunun yerində olub-olmamasını öyrənməkdir.
Çünki bu, aparıcı bir sahədir. Psixoloji durumu yerində olmayan insanlar üzərlərinə bu qədər böyük məsuliyyət götürə bilməzlər”.
Ekspert qeyd edib ki, direktor çox böyük kütləni idarə edə bilməlidir:
“Məktəblərdə yüzlərlə şagird, onlarla müəllim var. Onların valideynlərini də nəzərə alsaq, görərik ki, məktəb direktorlarının təsir etmə əhatəsi 50 min nəfərə- icmanın nümayəndələri, valideynlər, həmin ailəni əhatə edən insanlar - çatır. Bu səbəbdən direktorluq çox məsuliyyətli və ciddi bir vəzifədir. İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin sözügüdən vəzifəyə gəlməsi doğru deyil”.