İkinci kurs tələbəsi qətlə yetirilib. Söhbət ötən gecə Nərimanov rayonunda qətlə yetirilən Hikmət Kərimovdan gedir. Bacısı məzun adını qazanıb deyə Himətin ailəsi bir araya yığışıb.
20 yaşlı gənci dostları çölə çağırıb. Heç gözləmədiyi anda ona bıçaqla ağır xəsarətlər yetirilib. O, İdman Akademiyasının 2-ci kurs tələbəsi idi.
Atası İlham Kərimov deyir ki, oğlunun heç kimlə ədavəti olmayıb. Mərhumun dostu Nicat Cəfərov onu uzun müddətdir tanıyır. Hikmət 1 aydır ki, telefon mağazasında işləyirmiş. Onun sözlərinə görə, Hikmət sakit, öz işinə baxan biri olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində 2005-ci il təvəllüdlü Fateh Məmmədovun, Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimovu kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə şübhəli əsaslar müəyyən edilib. Hadisədən təxminən 1 saat sonra o saxlanılıb. Polis tərəfindən saxlanılan Fateh Məmmədovun ailəsinə də baş çəkilib. Əldə edilən məlumata görə, F.Məmmədov orta məktəbi bitirib. Heç bir işlə məşğul deyilmiş. Onun ailəsi baş verən hadisə ilə bağlı danışmaq istəmədi.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən iki şəxsin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Faktla bağlı cinayət işi başlanılıb.
TƏHSİL MEDİA