Bildiyimiz kimi, təhsilin qarşısında qoyulan tələblərdən biri də inklüzivlik, yəni hər kəs üçün əlçatan olmasıdır. Bu, daha çox psixoloji problemi olan uşaqlara aiddir. Çünki onlar həm müəllimlər, həm sinif yoldaşları tərəfindən daha çox anlaşılmaya möhtacdır.
TehsilMedia.az xəbər verir ki, bu sözləri peşəsini çox sevən müəllim
Bahar Ramazanova öz facebook səhifəsində paylaşıb. O, təhsildə inklüzivlik haqqında öz fikirlərini, yaşadığı bir təcrübəsini bölüşərək əlavə edib:
"Dərs dediyim zaman ərzində dəfələrlə belə uşaqlarla qarşılaşmışam. İndiki nəsildə bir cəhəti çox bəyənirəm. Bizim dövrümüzdə müəyyən qüsuru olan uşaqlar bullinqə məruz qalırdı. Gözləri çəp olan bir qıza uşaqlar "kasoy", mənim bir az burnum uzun olduğuna görə "Buratino", "indyuk", eynək taxan uşaqlara "dördgöz", "açkarik" adı qoyurdular. İndiki uşaqlarda bu yoxdur. Hətta qüsurlu uşaqlar qorunur və dəstəklənir.
Bu il 6-cı sinfə dərs deməyə başlamışam, uşaqlarla təzə tanış oluram. Sinfə daxil olanda gördüm çoxu ağlayır. Məlum oldu ki, uşaqlardan biri azca kəkələyirmiş, məndən qabaq dərs keçən müəllimin ehtiyatsız dediyi bir sözü özünə təhqir hesab edib ağlayıb, uşaqların da çoxu ona qoşulub, ona dəstək nümayiş etdirib. Əlbəttə, onlara təsəlli verməyə, müəllimin qəsdən elə demədiyini başa salmağa çalışdım. Həmin sinifdə bir qız var. Lap arxada oturur. Sinfi tanıyım deyə hər kəsdən dərs soruşurdum. Həmin qızı çağırdım. Bir də gördüm uşaq tir-tir titrəyir, göz yaşları yanağı boyu axıb gedir, ancaq heç səsi çıxmır. Narahat oldum, dedim, həyəcan kecirirsənsə, otur, sən danışma, ancaq çalışmaları yaz ver, yoxlayım. Uşaqlar deyir ki, o heç bizimlə də danışmır, bir- iki uşaq var, ancaq onlarla danışır. Həmin uşaq tapşırıqları yazmağa başladı, mən də hər dəfə "4","5" yazıram. İndi elə həvəslənib ki. Mənimlə az-az danışmağa başlayıb, koridorda görəndə üzümə gülümsəyib salamlaşır. Tezliklə onun dərs danışmağa başlayacağını gözləyirəm.
Rəhbəri olduğum sinifdə başqa bir qız uşağı da var. Hələ 5-ci sinifdən ona göz qoyuram. Arxada tək oturur, heç kəslə işi yoxdur, öz aləmindədir. Yanında kimsə varmış kimi danışır, gülür, əllərini oynadır. Tez-tez nəsə rəsmlər çəkir. Uşaqlar xətrinə dəyəndə dəhşətli dərəcədə qışqırır. Uşaqlara dedim ki, onun xətrinə dəyməyin, əsəbidir. Çəkdiyi rəsmlərlə maraqlandım. Rəsmlərini göstərdi. Dedim, yəqin, böyüyəndə rəssam olmaq istəyirsən. Dedi, hə, istəyirəm. Dərs danışmasa da, tapşırığı yazır. O gün "5" yazmışam, elə sevinir ki. Tənəffüslərdə yanıma gəlir, hörüklərini sığallayıram. Mənə sığınır.
Bir valideyn gəlmişdi, deyir uşağım xəstədir, ona söz demə. Həmin qız hirsləndi, qışqırdı:bu sinifdə xəstə olan bir mənəm, başım xəstədir, dərman içirəm. Onun bu sözü məni çox təsirləndirdi. Bu yazımda öz təcrübəmdən söz açmağımın səbəbi odur ki, müəllimlər belə uşaqlara həssas yanaşsınlar, diqqətli olsunlar. Bəzən sadəcə "pis oxuyan" deyib dəyərləndirmədiyimiz şagird çox dərrakəli, ancaq psixoloji problemi olan bir uşaq ola bilər. Gəlin, onları itirməyək, onları cəmiyyətə qazandıraq."
Bahar Ramazanova Fəridə Ağaxanlı TehsilMedia.az