Bildiyimiz kimi, son illər boşanma hallarının sayı artıb. Boşanmadan hər iki tərəf maddi və mənəvi zərər çəksə də, bu prosesdən ən çox uşaqlar ziyan görür. Tərəflər arasında anlaşılmazlıq pik həddə çatıbsa, boşanma qaçılmazdr. Ancaq uşaq varsa, bu halda valideynlər çox diqqətli olmalıdırlar.Bəs boşanmalar uşaq psixologiyasına necə təsir göstərir? Valideynlər boşanmanı uşaqlara necə açıqlamalıdır? Bu durumda uşaqları yaşadıqları psixoloji sarsıntıdan necə çıxarmaq olar?
Bütün bunların cavabını psixoloq
Gülər Məmmədova TehsilMedia.az saytı ilə bölüşdü:
“Boşanmalar uşaq psixologiyasına necə təsir göstərir – qeyd edim ki, ailə hər bir uşağın həyatında mühüm yer tutur. Bu baxımdan valdeynlərin ayrılması uşağın həm indi, həm də gələcəkdə psixoloji vəziyyətinə əhəmiyyətli formada təsir göstərir. Ailənin dağılmasından təkcə cütlüklər deyil, həm də uşaqlar əziyyət çəkir. Ailədə boşanmaların baş verməsi uşaqlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır. Bunlara misal olaraq qorxu, aqressivlik, günahkarlıq hissi, qəzəb və s. kimi destruktiv emosiya və hissləri misal göstərmək olar. Bu cür destruktiv və dağıdıcı emosiyalar nəticəsində uşaqlarda gücsüzlük yaranır, özünə inam hissi aşağı düşür, özünəqapanma baş verir. Bu isə istər-istəməz onun ətrafdakı insanlarla münasibət qurmasına, gələcəklə bağlı planlarına mənfi təsir göstərir”.
Ülkər Abdurahmanlı