Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 Aprel- Dünya İncəsənət Günü münasibətilə silsilə materiallar hazırlanıb.
tehsilmedia.az xəbər verir ki, bu barədə kitabxanadan bildirilib.
Qeyd edilib ki, bu gün münasibətilə kitabxana əməkdaşları tərəfindən videomaterial, məlumat bülleteni və ənənəvi kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim olunub.
Təqdim edilən materiallarda bu günün tarixi, inkişaf prosesi ətraflı olaraq təsvir edilib. Bildirilib ki, bu əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. Bununla bağlı qəbul olunan qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır. Dünya İncəsənət Günü beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq beynəlxalq mədəniyyət günü kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi.
Hazırlanan materiallarda beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycan mədəniyyəti və onun dünyada tanınması yönümündə atılan addımlar haqqında da geniş məlumat verilib.
Dünya İncəsənət Günü ilə əlaqədar hazırlanan videoçarxda Azərbaycanın qədim mədəniyyət nümunələri haqqında geniş məlumat verilib, tarixi abidələrini, qədim sənət nümunələrini əks etdirən foto və videogörüntülər nümayiş olunub.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan məlumat bülletenində “Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik”, “XIII-XV əsrlər İtaliya incəsənəti”, “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa”, “Bakı memarlıq abidələrində fasad heykəltaraşlıq nümunələri”, “Düşündürən naxışlar”, “Современное западное искусство. XX век” kimi 50-dən çox Azərbaycan və xarici dillərdə olan kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilib.