Məktəbi fərqlənmə attestatı ilə bitirənlər arasında 200-dən az bal toplayanlar da olub. Mütəxəssislər deyirlər ki, ötən il və əvvəlki illərdə də fərqlənmə attestatı alanlar arasında da 200 bal toplaya bilməyən xeyli abituriyent olub.
Təhsil eksperti
Kamran Əsədovun sözlərinə görə, hətta elə şagirdlər də var ki, attestat qiymətləri ilə buraxılış imtahanında topladıqları ballar arasında ciddi fərqlər var. Kamran Əsədov deyir ki, bu fərqin səbəbləri subyektiv amillərlə bağlıdır. Keçən il 85 minə yaxın şagird orta ümumtəhsil məktəblərini bitirib. Və bu şagirdlər arasında hər rayon üzrə 15-20% fərqlənmə attestatı ilə bitirib. Bir şagird əgər məktəbi fərqlənmə attestatı ilə bitirirsə, onun minimum bilikləri var. Bu onu göstərir ki, orta məktəblərdə qiymətləndirmə subyektiv faktorlar üzərində qurulmur. Bu, olduqca ciddi problemdir.
Kamran Əsədov bildirir ki, son 3 ildə əsassız olaraq şagirdlərin balları şişirdilir. Fərqlənmə attestatı və 3 qiyməti ilə məktəbi bitirənlərin qəbul balları demək olar ki, eynidir.
Ümumtəhsil məktəblərində biliyin qiymətləndirilməsi zamanı ədalət prinsipi həyata keçirilməlidir. Bu şagirdlər arasında müəyyən konfliktlərə də gətirib çıxara bilər. Bəzi hallarda yaxşı hazırlıqlı şagirdlərin qiymətləri qəsdən aşağı yazılır. Dövlət İmtahan Mərkəzi ildə bir dəfə bütün məktəblərdə monitorinq tipli qiymətləndirmə imtahanı həyata keçirsə, artıq müəllimlər o qiymətləndirməyə müdaxilə edə bilməyəcək.
Kamran Əsədovonu da qeyd edib ki, fərqlənmə attestatı vacib faktordur. Çünki bu sənəd xarici ölkə universitetlərinə qəbul zamanı önəmli rol oynayır. Orta təhsil müəssisəsini fərqlənmə ilə bitirənlər daha yüksək qəbul imkanına malik olurlar və onlara təqaüd də verilir.
TƏHSİL MEDİA