Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Vüsalə Bədəlova "Azərbaycanda ilk dəfə yetişdirilən passiflora növlərinin antioksidant aktivliyi və tibbdə istifadəsi” mövzusunda Odlar Yurdu Universitetində seminar keçirib.
TehsilMedia.az xəbər verir ki, seminarda Odlar Yurdu Universitetinin Ekologiya kafedrasının "Biologiya” və "Ekologiya” ixtisaslarında təhsil alan II və III kurs tələbələri iştirak edib.
Sedativ təsirli dərman bitkilərindən tibbdə uğurla istifadə olunan, vətəni tropik Amerika olan Passiflora İncarnata L növüü və digər növlərinin tibbdə əhəmiyyətindən danışılıb. Bitkidən hazırlanan preparatlar yuxusuzluqda, nevrosteniyalarda, autizm, epilepsiya kimi xəstəliklərdə geniş istifadə olunur. Xammal kimi bitkinin yerüstü hissələrindən istifadə olunur.Passiflora İncarnata L zəngin tərkibə malikdir. Bitkinin tərkibində alkaloidlər, flavanoidlər, polisaxaridlər, kumarinlər, az miqdarda efir yağları, mineral duzlar, Vitamin "C” və s. vardır. Tərkibində olan passiflorin və harman alkaloidi monoaminoksidaza fermentini ingibə edərək sinaps boşluqlarında monoaminlərin artmasına səbəb olur. Məhz monoaminlər: noradrenalin, serotonin, dofamin nəticəsində P.İncarnata antidepressant effekti yaradır.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar cavablandırılıb.
TƏHSİL MEDİA