Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında qrant layihəsinin iştirakçısı, italiyalı qonaq Lorenza Fiuminin "Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və GIS əsasında tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə "TehsilMedia.az”a institutdan məlumat verilib.
L.Fiumi bildirib ki, İtaliyanın Milli Tədqiqat Mərkəzi (MTM) və Coğrafiya İnstitutunun Roma və Bakı şəhərlərində yer örtüyünün məsafədən zondlama və coğrafi informasiya sistemləri üzrə birgə layihəsi iki mərhələdən ibarət olmaqla 2020-2023-cü illəri əhatə edir.
Məruzəçi Bakı və Roma şəhərlərində torpaqdan istifadənin müvəqqəti və məkan dəyişiklikləri ilə bağlı nəticələrini şərh edib. O qeyd edib ki, layihənin əsas məqsədi məsafədən zondlama metodikasından istifadə etməklə Bakı və Romanın şəhər landşaftlarını öyrənməyə və inkişaf etdirməyə yönəlib. Bu tədqiqatın ilkin nəticələrinin Roma şəhərinə tətbiq edilməsi İtaliya MTM ilə Coğrafiya İnstitutu arasında əməkdaşlığın əsasını təşkil edir. Landsat 8 peyk məlumatlarının istifadəsi və eyni təsnifat metodologiyaları ilə Roma və Bakı şəhərlərinin su keçirməyən və keçirən səthlərinin xəritəsi də hazırlanıb.
İtaliyalı mütəxəssis Bakı və Roma şəhərləri üzrə hər bir qrupun öz tədqiqat sahəsində əldə etdiyi nəticələri müqayisə etməklə layihənin məqsədlərinə nail olunacağına əminlik ifadə edib.