Hörmətli oxucu, əvvəlcə şəkillərə bax. Pas içində dəmir baryerlər, uçulmuş beton hovuzlar, qara, mazutla qaralmış su. Darvazanın üstündə iri hərflərlə yazılıb: “Bibiheybətneft” NQÇİ-nin 1 saylı neftyığım məntəqəsi. O lövhə artıq sadəcə ad deyil - simvoldur: burada nə təhlükəsizlik var, nə ekoloji qayda, nə də insan həyatına hörmət. Betonun divarları çartlayıb, armatur pas içindədir; havada mazutun itələyici qoxusu var. Hər addımda qəza riski, hər nəfəsdə zəhər riski… Bu görüntü adi təsərrüfat səhvi deyil - sanki cinayət yeridir. Torpaq neftlə doymuş, yeraltı suların taleyi qeyri-müəyyəndir. Və bu görüntülərin arxasında daha böyük sual dayanır: bu suları kim “müalicəvi” elan edib?
İddialara görə, həmin hovuzlardakı mazutlu, deposlanmış maye gecəyarıları SSRİ-dən qalma paslı su maşınına doldurularaq “Şıx” sanatoriyasına daşınır. Orada - xəstələrin gözü qarşısında - bu məhlul “termal müalicəvi su” adı ilə vannalara tökülür. Sadəlövh pasiyentlər ümidlə həmin suya girirlər; müalicə olduqlarını düşünürlər. Halbuki sənədli analizlər göstərir ki, bu mayenin tərkibi adi mineral suya xas deyil - burada sənaye-şlamı, ağır metallar, hidrogen-sulfid, arsen kimi göstəricilər var. Rəqəmlər dəhşətlidir: ümumi mineralizasiya, xloridlərin həddi, hidrogen-sulfidin miqdarı… və buna rəğmən rəsmi sənəddə yazılır: “Su - təbii müalicəvi sudur. Vanna müalicəsi üçün istifadə edilə bilər.”
Bu nədir, əziz oxucu? İroniya, yoxsa açıq-aşkar təxribat? Zəhəri dərman adlandırmaq - insanlarla hesablaşmadan, onların sağlamlığı ilə risk oynamaqdır. Bu, yalnız səhv idarəçilik deyil: ictimai məsuliyyətsizlik, hüquqi boşluq və - iddialara görə - qohumbazlıq, mənimsəmə sxemlərinin məhsuludur. Sualın mərkəzində kim dayanır? Topladığımız materiallarda “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyevin adı ilə bağlı çoxsaylı şikayətlər var: təyinatlarda qohumbazlıq, təmir tenderlərində şişirdilmiş qiymətlər, saxta müqavilələr. QSC-nin ştatı süni şəkildə 19-dan 120-dək şişirdilib; büdcə xərcləri izsiz, şəffaflıqdan məhrum artırılıb. Onlarla bahalı avtomobil alınıb; iddialara görə, bu avtomobillərin bir qismi baş direktorun yaxın çevrəsinə xidmət edir. Bunlar təsadüf deyil - sistemli modelin əlamətləridir. Biz aylarla yazmışıq. Faktları vermişik. Fotoşəkilləri, müraciətləri, sənədləri təqdim etmişik. AHİK sədrinə - Sahib Məmmədova, aidiyyəti orqanlara, Səhiyyə Nazirliyinə müraciətlər göndərmişik. Cavab? Susqunluq. Nəzarət orqanlarının səssizliyi, məsul şəxslərin israrla susması, rəy verənlərin adlarının açıqlanmaması - bunların hamısı on minlərlə insanın sağlamlığı qarşısında ağır şübhələr yaradıb.
İndi birbaşa sualları ünvanlamaq vaxtıdır. Cənab Səhiyyə naziri Teymur Musayev, sizə üz tuturuq. Siz dünən «Abşeron», «Bilgəh», «Buzovna» sanatoriyalarına səfər etmisiniz, oradakı heyəti tərifləyibsiniz. Haqlısınız - orada peşəkar kadrlardır, Çingiz Hacıyevin dili ilə desək «köhnə» kadrlar. Bəli, elə həmin «köhnə» işçilərdir bu gün doğrudan da sanatoriyaların üzünü ağ edən, onlar peşəkar, vicdanla çalışan insanlardır. Amma bəs “Şıx” sanatoriyasına gətirilən suyun mənbəyinə niyə getmirsiniz? Niyə “Bibiheybətneft” məntəqəsində vəziyyəti öz gözünüzlə görməyəsiniz? Əgər siz doğrudan da islahatçı nazir olmağı iddia edirsinizsə, kameraları götürün, gedin oraya - bizim fotoları göstərin, su nümunələrini izləyin, rəsmi protokolları gözümüzün içinə qoyun. Əks halda sözünüz - yalnız şou, yalnız etirazların üstünü örtən səth olacaq. Kimin imzasıdır o rəy? Hansı laboratoriya hansı metodla bu suyu “müalicəvi” adlandırıb? Analizlər müstəqildirmi? Niyə neft quyularından çıxan həmin lay sularının daşınması gecə vaxtı, köhnə maşınlarla həyata keçirilir? Nəzarət mexanizmi haradadır? Bu su ilə doldurulan vannalara insanları kim, hansı etik və hüquqi əsasla salır? Bunlar texniki suallar deyil - bunlar vicdan, dövlət nüfuzu və insan həyatına dair suallardır.
Suyun tərkibində sənaye çirkləndiriciləri, neft məhsulları və radioloji göstəricilər varsa, bu mayeni xəstə vannalarına tökmək - cinayətdir. Əgər rəsmi orqanlar bu suala cavab vermirsə, demək ya prosesdən xəbərsizdirlər - bu isə idarəçilikdə ölümcül səhlənkarlıqdı; ya da xəbərdardırlar və susurlar - bu isə məsuliyyətdən qaçmaq, kiməsə göz yummaq deməkdir. Hər iki halda nəticə - eyni: xalqın sağlamlığı təhlükədədir.
Sanatoriyada müalicə alan pasiyentlər müalicələrini başa vurub gedirlər, onların sonrakı sağlamlıq taleyindən xəbərimiz yoxdur. Amma o zəhərli sularla hər gün işləyən, vannaları dolduran, təmizləyən işçilər bu təhlükənin bilavasitə qurbanına çevriliblər. İllərlə həmin vannalarda çalışan işçilərdə ciddi fəsadlar aşkarlanıb. Orada daimi işləyən qalmayıb: bir müddət sonra xadimələr bronxit, ürək astması, göz xəstəliklərindən əziyyət çəkərək məcburən işdən uzaqlaşıblar. Yəni bu “müalicəvi suyun” təsiri elə ilk növbədə orada işləyənlərin sağlamlığını məhv edib. Sağlamlıq ocağı sayılan bir sanatoriyada işçilərin özünü xəstələndirib sıradan çıxarmaq hansı məntiqə sığır?!
“Kurort” QSC isə həmin xəstə düşmüş işçiləri qoruyub saxlamaq, onlara qayğı göstərmək əvəzinə, əksinə, müxtəlif bəhanələrlə işdən uzaqlaşdırmağa çalışır. Məqsəd aydındır: neft quyularından çıxan lay sularının yaratdığı fəsadların üzə çıxmasının, rəhbərliyin cinayətinin ifşa olunmasının qarşısını almaq. Bu suyu istifadə edən istər sadə işçi, istərsə də sanatoriyaya müalicəyə gələn qonaq xəstələnir, yeni xəstəlik qazanır. Bu sudan yaranan xəstəliklər dərhal üzə çıxmaya bilər, amma zaman keçdikcə qaçılmaz surətdə özünü göstərəcək. Rəhbərlik bunu çox yaxşı bilir, səbəbi də bilir. Amma pul hər şeydən üstündür, insan sağlamlığı, zəhmətkeşin həyatı onların gözündə heç nədir. Bu səbəbdən də su məsələsini ört-basdır edirlər, fəsadların qarşısını almaq barədə düşünmürlər. Çünki burada böyük pullar dövr edir və həmin pullar rəhbərliyin vicdanını da, məsuliyyətini də öldürüb. Zəhmətkeşlər illərlə çalışır, əmək haqqılarından həmkarlar ittifaqına üzvlük haqqı ödəyirlər ki, nə vaxtsa putyovka qazanıb gəlib sanatoriyada istirahət və müalicə etsinlər. Amma nəticə? Şəfa tapmaq yerinə xəstəlik tapırlar.
Hörmətli Sahib müəllim! Müəllimlərə bayramda gül paylamaq Həmkarlar İttifaqlarının əsas işi deyil. Əsas vəzifəniz müəllimlərin, tibb işçilərinin və digər dövlət qurumlarında çalışan zəhmətkeşlərin hüquqlarını qorumaqdır. Amma təəssüf ki, siz hətta rəhbərlik etdiyiniz kollektivdə tibb işçilərinin hüquqlarını qoruya bilmirsiniz. Çingiz Hacıyev və onun komandası sanatoriyalarda istədikləri oyunu çıxarırlar, işçilərin hüquqlarını tapdalayırlar. Siz isə buna göz yumursunuz. Bəs hara baxırsınız, Sahib müəllim? Xalqın etimadını doğrultmaq əvəzinə, niyə özünüzün təyin etdiyiniz baş direktorun özbaşınalıqlarına sığınacaq olursunuz?
Sanatoriyalardakı bu biabırçılıqlarla bağlı jurnalistlər yazır, xəstələr və işçilər dövlət orqanlarına dəfələrlə şikayət edirlər. Amma nəticə? Heç bir reaksiya yoxdur. Bütün müraciətlər avtomatik olaraq AHİK-ə yönləndirilir. AHİK rəhbərliyi isə problemi həll etmək əvəzinə, şikayət edənləri təzyiq altında saxlayır. Daha da betəri – “Kurort” QSC-də və sanatoriyalarda kənara məlumat sızdıranların ovuna çıxırlar. Yəni nöqsanları aradan qaldırmaq əvəzinə, bu halları ifşa edənləri tapıb cəzalandırmaqla məşğuldurlar. Bu, artıq sadəcə məsuliyyətsizlik deyil - açıq şəkildə cinayətləri gizlətmə əməlidir.
AHİK rəhbərliyi unutmamalıdır ki, onların rəhbərlik etdiyi qurum sıradan bir idarə deyil - ictimai birlikdir. Onun üzvləri sadə zəhmətkeşlərdir və buna görə də hər bir addım, hər bir qərar ictimaiyyət qarşısında şəffaf olmalıdır. Amma reallıqda nə görürük? AHİK hesabat vermək, neqativ halları aradan qaldırmaq əvəzinə, əksinə, jurnalistlərin və vətəndaşların qaldırdığı problemləri gizlətməyə, qəzet və internet səhifələrindən sildirməyə çalışır. Əslində isə bu, ictimaiyyətin səsini boğmaqdır. Sual olunur: belə idarəetməmi olar?!
Qəribə haldır. Jurnalistlər yazır, xəstələr və işçilər şikayət edir. Amma nə Sahib Məmmədov, nə də onun digər rəhbər işçiləri, yəni AHİK-in və “Kurort” QSC-nin məsul şəxsləri bu şikayətlərin mahiyyəti ilə ciddi maraqlanmır. Heç biri gedib “Şıx” sanatoriyasına gətirilən lay sularının mənbəyi ilə, suyun haradan daşındığı ilə tanış olmur. Sual yaranır: niyə? Niyə bu “müalicəvi” suyun dəqiq mənbəyini yalnız su maşınının sürücüləri bilir? Niyə başqa heç kəsin xəbəri yoxdur? Görəsən, niyə yalnız sanatoriyanın direktoru, onun yaxın ətrafı və bir neçə sürücü bu sirri bölüşür? Cənab Sahib Məmmədov, niyə öz işçilərinizi göndərib suyun mənbəyi ilə yerində tanış etmirsiniz? Xalqın sağlamlığı ilə bağlı məsələni belə gizlətmək olarmı?
Bundan başqa, “Şıx” sanaroriyasına neft quyusundan daşınıb gətirilən həmin lay suları xəstələrə vannada təqdim olunduqdan sonra birbaşa ümumi kanalizasiyaya axıdılır. Halbuki qanunvericiliyə görə bu suların dənizə axıdılmasına belə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə vermir. Onlar əvvəlcə xüsusi hovuzlarda toplanmalı, xüsusi qurğular vasitəsilə təmizlənməli və yalnız bundan sonra neft sənayesində texniki məqsədlərlə istifadə olunmalıdır. Bu tələblərin pozulması, yəni lay sularının ümumi kanalizasiyaya axıdılması açıq-aşkar cinayətdir. Bu halda isə haqlı olaraq bir sual ortaya çıxır: hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hörmətli “Azərsu”, siz hara baxırsınız? Bu faktlardan xəbəriniz yoxdurmu? Niyə bu cinayətə göz yumursunuz?
Oxucuya bir daha xatırladım: şəkillər yalan danışmır. Paslı dəmir, uçulmuş beton, qara su və “Bibiheybətneft” lövhəsi - və bunların hamısı “müalicəvi” adı ilə xəstələrin üzərinə tökülür. Bu, bir qəzet məqaləsi yox, cinayətə çağırışdır. Susqunluq isə bu cinayətin bir hissəsinə çevrilir.
Əgər məsul şəxslər gözü ilə görüb, vicdanı ilə hiss etmirsə, biz - jurnalistlər, vətəndaşlar və xəstələr - görürük və soruşuruq: bu qədər müddət nə üçün göz yumulur? Həkimlərə, pasiyentlərə, vətəndaşlara qarşı bu məsuliyyətsizliyin nəticələri ağır ola bilər. İndi hər kəs cavab gözləyir: Səhiyyə nazirliyi, AHİK, “Kurort” QSC - susmağın vaxtı keçib.
Redaksiyamız tələblərini açıqca bildirir: 1) Bütün su nümunələri üzrə müstəqil, dövlət və beynəlxalq standartlara cavab verən laboratoriyalar tərəfindən təcili və tam analizlər keçirilsin; 2) Neft quyusundan çıxan həmin lay sularının, “termal müalicə” statusu dərhal dayandırılsın; 3) Daşımaların, istifadənin və buna məsul şəxslərin tam şəffaf siyahısı açıqlansın; 4) Məsuliyyət daşıyanlar barədə inzibati və ya cinayət işləri başlanaraq ictimaiyyətə hesabat verilsin; “Şıx” Sanatoriyasının fəaliyyəti dayandırılsın.
Hörmətli Səhiyyə naziri, siz çox yaxşı bilirsiniz ki, elmi əsaslarla təsdiqlənməmiş metodlarla xəstələrin müalicəsi qəti şəkildə qadağandır. O halda soruşuruq: balneologiya sahəsində neft quyularından çıxan lay sularının istifadəsi hansı elmi araşdırmalarla sübuta yetirilib? Hansı elmi işlər, hansı beynəlxalq təsdiqlər əsasında bu sular “müalicəvi” kimi təqdim olunur? Sizin nazirliyinizdə belə araşdırmalar, təsdiqlər varmı, yoxsa bu, sadəcə saxta rəy və kağız üzərində qurulmuş aldatmacadır?
Bu gün Səhiyyə Nazirliyinin imzaladığı rəsmi rəy gözümüzün önündədir - və rəqəmlər ürəkaçan deyil, qorxuncdur: 1) Ümumi mineralizasiya - 61 346 mq/l; 2) Xloridlər - 33 326 mq/l; 3) Hidrogen-sulfid - 482,8 mq/l; 4) Arsen - aşkar olunub.
Hansı ki, arsen Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən insan üçün sübut olunmuş kanserogen kimi tanınır. Yəni, o, xərçəng yaradan maddələr siyahısındadır.
Bu artıq adi mineral suyun göstəriciləri deyil - bu, sənaye tullantısının göstəriciləridir. Və bütün bu dehşətli parametrlərə baxmayaraq sənədin sonunda soyuqqanlıqla yazılır: “Su - təbii müalicəvi sudur. Vanna müalicəsi üçün istifadə edilə bilər.”
Hələ biz o suyun mənbəyindəki sanitar və mikrobioloji vəziyyətdən danışmırıq. Elə təqdim etdiyimiz fotolardan da açıq görünür ki, ətraf mühit tamamilə antisanitariya içindədir. Qəribəsi budur ki, suyun mikrobioloji tərkibi ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparılmayıb. Səhiyyə nazirliyinin verdiyi rəyin özündən də görünür - yalnız guya mineral tərkib yoxlanılıb. Bu isə sual doğurur: nazirliyin əməkdaşları doğrudan da həmin mənbəyə gediblərmi? Çox güman ki, yox. Böyük ehtimalla, nümunələr ekspertiza üçün onlara sanatoriya rəhbərliyi tərəfindən təqdim edilib, özü də başqa su ilə qarışdırılıb. Yəni, xalqı aldatmaq üçün elə bil ki, “təmiz içməli su” analizi aparılıb. Bu, artıq sadəcə səhlənkarlıq deyil, açıq-aşkar saxtakarlıqdır.
“Kurort” QSC-nin vannalarında istifadə etdiyi su – neftlə çirklənmiş lay sularıdır və bu, mövcud sanitariya standartlarının bütün tələblərini kobud şəkildə pozur. Belə bir suyun “müalicəvi termal su” adı ilə təqdim olunması qanunsuzluq olmaqla yanaşı, vətəndaşların sağlamlığına real təhlükə mənbəyidir. Ən təəccüblü və eyni zamanda dəhşətli məqam isə budur ki, bu ziddiyyətli və qeyri-dəqiq rəyə ETB-nin baş direktoru, tibb üzrə elmlər doktoru Mətanət Əfəndiyeva öz imzası ilə təsdiq veribdir. Onun təsdiq etdiyi sənəd ciddi metodoloji və gigiyenik nöqsanlarla doludur: suyun yalnız mineral tərkibi göstərilib, amma nə mikrobioloji təhlil aparılıb, nə də sanitar nəzarət normalarına uyğun olaraq mənbə və daşıma şəraiti yoxlanılıb.
Neft sənayesindən çıxan lay sularının bu cür sanitar-epidemioloji nəzarət olmadan istifadəsi bakterial kontaminasiya üçün münbit şərait yaradır. Çənlərin dezinfeksiya olunmaması, saxlanma şəraitinin natəmizliyi müxtəlif patogen mikroorqanizmlərin suya düşməsinə səbəb olur ki, bu da epidemioloji zənciri hər an alovlandıra bilər. Mətanət xanımın diqqətinə çatdırmaq istəyirik: Azərbaycan Respublikasının sanitariya normalarına görə termal sular yalnız qaynaqdan çıxarıldığı yerdə, hermetik və reaktiv olmayan materiallardan hazırlanmış çənlərdə və maksimum 24 saat ərzində istifadə olunmalıdır. Bəs Mətanət xanım, siz hansı elmi əsasla günlərlə açıq havada saxlanılan, sonra köhnə paslı su maşınlarında daşınan və sanatoriyanın qapalı hovuzlarında günlərlə qalan bu lay sularına “müalicəvi” adı vermisiniz?
Cənab Səhiyyə naziri, biz bu barədə hələ 01 avqust 2025-ci il tarixli buraxılışımızda yazmışdıq. Amma sizin tərəfinizdən heç bir reaksiya olmadı. Belədirsə, bəs siz əhalinin sanitariya-epidemioloji salamatlığını necə təmin edirsiniz? Xalqın həyat və sağlamlığı bu qədər ucuzdurmu?
Bu fotoşəkilləri biz avqust ayında paylaşmadıq, çünki onların dəhşətli mənzərəsi oxucuların əsəblərini korlayacaqdı. Amma indi susmaq cinayətə şərik olmaq deməkdir. İndi həmin kadrları təqdim edirik ki, hər kəs gerçəyi öz gözləri ilə görsün.
Neft quyusundan çıxan bu maye niyə və necə “mineral su” hesab olunur? Bu, cinayət yoxdursa, bəs nədir? Xalqın gözünün içinə baxa-baxa zəhəri dərman adı ilə təqdim etmək - bu, artıq yalnız hakimiyyətin laqeydliyi deyil, milli məsuliyyətsizliyin, vicdansızlığın nümunəsidir.
Dünən “Abşeron” sanatoriyasında çıxış edən Səhiyyə naziri təkcə görülən işlərdən danışmadı, həm də kadr hazırlığı və birgə layihələrin icrası istiqamətində AHİK-lə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşdü. Amma sual yaranır: əgər bu “əməkdaşlıq” “Şıx” sanatoriyasındakı kimi saxta termal sular, korrupsiya və özbaşınalıq üzərində qurulacaqsa, bu millətin gələcəyi batdı deməkdir. Sağlamlıq ocaqlarını xəstəlik yuvasına çevirənlərin əlində hər hansı “əməkdaşlıq” xalqın xeyrinə deyil, ancaq fəlakət gətirəcək.
Hörmətli Teymur müəllim, biz bu məsələ ilə bağlı dəfələrlə AHİK sədri Sahib Məmmədova müraciət etmişik - nəticə sıfır. Niyə? Çünki iddialara görə “Kurort” QSC-nin baş direktoru və sanatoriyanın direktoru onun yaxın çevrəsindəndir və onlara qarşı tədbir görülmür. Sahib müəllim, sanki, Çingiz Hacıyevin və Fuad Quliyevin dediklərinə inanaraq qulaq asır; onlar isə vannalara doldurulan suyun mənbəyi haqqında başqa həqiqətləri ört-basdır edir.
Sual birbaşa Sizədir: Siz hara baxırsınız? Axı rəhbəri olduğunuz nazirliyin mütəxəssisləri, sizin əməkdaşlarınız guya “Bibiheybətneft” NQÇİ-nin 1 saylı məntəqəsində olub, hər şeyi görüblər. Deməli, siz də hər şeyi bilirsiniz. Amma niyə susursunuz?
Teymur müəllim, siz «Abşeron» sanatoriyasında gülümsəyib təftiş edə bilirsinizsə - deməli, görüntü yaratmaq bacarığınız var. Lakin xalq sizdən şou yox, məqalədə qoyulmuş suallara cavab gözləyir.
Əgər siz susursunuzsa, deməli, bu oyunun iştirakçısısınız. Susmaq artıq yalnız laqeydlik deyil - bu, cinayətə şəriklik deməkdir.
Hörmətli oxucu, unutma: bir foto bəzən min sözə dəyər. O şəkillərin kənarında dayanmaq - sənə insan həyatı haqqında düşünmək şansı verir. Həmin hovuzların yanında dayanıb düşünən hər kəs bilir: bu oyunun bir sonu olmalıdır. Susmaq artıq cinayətə şərik olmaqdır.
Və sonda bir sual da, cənab Səhiyyə naziri: Siz öz ailənizin bir üzvünü, yaxınınızı həmin “müalicəvi” adı ilə təqdim etdiyiniz vannalara salardınızmı? Əgər cavabınız “bəli”dirsə, onda buyurun, ictimaiyyətin gözü qarşısında bunu edin. Yox, əgər “xeyr”dirsə, o zaman hansı əsasla bu suyu yüzlərlə vətəndaşa “müalicəvi” kimi təqdim edirsiniz? Biz cavabınızı gözləyirik. Çünki bu cavabı təkcə biz yox, bütün xalq gözləyir.
P.S. Redaksiya Səhiyyə Nazirliyi, AHİK, “Kurort» QSC və digər dövlət orqanları, müəssisə və təşkilatlara, həmçinin məqalədə adları hallanan şəxslərin məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.