Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurası yaradılacaq.
Bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib.
O, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılması zərurəti yaranıb. İsa Həbibbəyli yaradılacaq şuranın AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına, təcrübə mübadiləsinin aparılmasına, əmək intizamı ilə bağlı məsələlərin müzakirəsinə, eləcə də birgə elmi və elmi-texniki tədbirlərin təşkilinə xidmət edəcəyini bildirib.
Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Direktorları Şurası yaradılıb və şuranın tərkibi təsdiq edilib.