İmtahanların əsas mərhələsi demək olar ki, bitib. Bu ay isə imtahan nəticəsindən razı qalmayan abituriyentlər ikinci şansda özlərini yenidən sınayacaqlar. Razı qalanlar isə artıq ixtisas seçimi üzrə araşdırmaya başlayıblar. İxtisas seçimi və kodlaşdırma işin ən vacib tərəfidir. Burada yol verilən ən xırda səhv abituriyentin balını heç edə bilər. Bu cür halların baş verməməsi üçün nə etmək olar?
TehsilMedia.az xəbər verir ki, ekspert
Adil Vəliyev bildirib ki, bu il çıxacaq statistika jurnalına mütləq baxmaq lazımdır. İxtisas seçimi edən zaman abituriyentlər statistika jurnalının vasitəsilə ballarının hansı ixtisasa uyğun olduğunu öyrənə bilirlər.
Ekspert
Elçin Əfəndi isə bildirir ki, ötən ilin ballarına əsasən ixtisas seçmək düzgün addım deyil. İxtisas seçimi zamanı abituriyentlər əsasən keçid balları olan "Abituriyent" jurnalı ilə maraqlanırlar. Bu jurnal ali təhsil müəssisələrinə qəbul tam aparıldıqdan sonra nəşr edilir.
Mütəxəssis deyir ki, mütləq əvvəlki illərin nəticələri nəzərdən keçirilməlidir. Əvvəlki illərin keçid balları və onların ümumi ədəd ortasına diqqət yetirilməlidir. Sonuncu dəfə 2018-ci ildə ənənəvi qaydada qəbul imtahanı keçirilib.
2019-dan 2023-cü ilə qədər keçirilən qəbul imtahanları mütləq araşdırılmalıdır. Ən vacib məqamlardan biri kodlaşdırmadır. Bəzən təhsillə heç bir əlaqəsi olmayan şəxslər üzə çıxır və elan verirlər.
Deputat
Ceyhun Məmmədov bildirir ki, çoxlu pul qazanmaq istəyən dələduzlar təhsil üzrə mütəxəssis olduqlarını söyləyərək insanlardan pul yığırlar. Valideynlərə ixtisas seçimində kömək edəcəkləri vədi ilə pul yığırlar.
Ekspert
Adil Vəliyev bildirir ki, bu dövrdə müvəqqəti şirkət qururlar və ofis icarəyə götürürlər. Seçim etdikdən sonra həmin şəxslər yoxa çıxır. Həm valideynlərin, həm də şagirdlərin xəyalları puç olur. İxtisas seçimi etməzdən əvvəl həmin şəxsi və yaxud şirkəti araşdırmaları tövsiyə olunur.
Deputat Ceyhun Məmmədov diqqətə çatdırır ki, aidiyyatı qurumlar bu mövzuda abituriyentlərə dəstək olmalıdırlar. Valideynlər və şagirdlər arasında maarifləndirmə və təbliğat işləri aparılmalıdır.
TƏHSİL MEDİA