Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-praktiki konfransı keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin mənalı ömrünün müxtəlif məqamlarından bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli Ulu Öndərin bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirdiyini vurğuladı: "Məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb”.
Səhiyyə Nazirliyi şöbə müdirin müavini Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətini qeyd etdi: "Bu cür konfranslar rezidentlərin elmi potensialının üzə çıxmasına şərait yaradır, eyni zamanda onların elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirir”.
Öz çıxışlarında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov və digərləri dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan bəhs etdilər. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir, eyni zamanda davamlı sosial islahatlaricra edilir. Həmçinin, vurğulanıb ki, Ümummilli Liderin irsinin öyrənilməsi, gənc nəsilə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır.
Konfrans öz işini panel iclaslarla davam etdirib. Rezidentlər müxtəlif məzmunlu məruzələr və posterlərlə çıxış ediblər.
Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qaliblərə mükafatlar təqdim olunub.