Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün "Startap və onun əsasları” mövzusunda ikigünlük təlim düşərgəsi təşkil olunub.
AzMİU-dan "TehsilMedia.az"a bildirilib ki, təlim düşərgəsində "SABAH.lab” startap akselerasiya mərkəzinin koordinatoru Sultan Abdullayev və Azərbaycan Beynəlxalq Bankı İnnovasiya mərkəzinin koordinatoru Elnur İsazadə tərəfindən tələbələrə startapın əhəmiyyəti, startapda problem və onun təhlili mövzularında seminarlar keçirilib.
Düşərgənin növbəti spikeri Faiq Rüstəmov baş texnologiya direktoru olduğu "Perkskit”in yol xəritəsini təqdim edib və öz təcrübələrini bölüşüb.
"AIESEC Azərbaycan”da lokal komitə üzrə marketinq direktoru Nizami Baxşəliyev təmsil etdiyi qurumun layihələri, xaricdə könüllülük proqramları haqqında məlumat verib. Düşərgənin ikinci günündə "Prem” agentliyinin təsisçisi Hüseyn Dəmirli və "Bookshifa”nın həmtəsisçisi Allahverdi Əliyev tərəfindən "MVP və startap üçün uğurlu hekayənin qurulması” mövzusunda təlim təşkil olunub.
Daha sonra "AIESEC Azərbaycan”ın nümayəndələrinin təşkilatçılığı əsasında iştirakçılar komanda şəklində bölünərək onlara verilən limitli sahələr üzrə startap ideyası qurublar.
Düşərgənin sonunda tələbələrə sertifikatlar təqdim edilib.
TƏHSİL MEDİA