Şirvanda Rafael Həbibov adına 14 saylı tam orta məktəbin bağlandığı xəbəri yayılıb. Xəbər valedeynlərin, şagirdlərin, həm də işçi heyətinin narahatlığına səbəb olub. Təhsil ocağı doğrudanmı bağlanıb? Hansı səbəbdən belə bir qərar verilib?
TehsilMedia.az xəbər verir valideyn və müəllimlər qeyd edir ki, bir neçə gündür məktəbəqədər hazırlıq qruplarına, eləcə də, 1-ci sinfə onlayn qəbul dayandırılıb. Buna səbəb kimi isə şagird sayının az olması göstərilir. 270-ə yaxın şagirdin təhsil aldığı məktəb beynəlmiləl məktəb hesab olunur. Şirvan şəhərində təhsil verən bu məktəb rus və azərbaycan dilində təhsil verən iki məktəbdən biridir. Məsələ ilə bağlı Şirvan-Salyan regional təhsil idarəsindən bildirildi ki, valideynlərin narazılığı ilə əlaqədar məktəbdə iclas da keçirilib və ibtidai sinfə müraciət edənlərin sayı 8-10 nəfərdən artıq olmadığı üçün qəbul dayandırılıb. Bir sinfin açılması üçün ən az 20 şagird olmalıdır.
Şirvan-Salyan regional təhsil idarəsinin əməkdaşı Gülay Qambayzadə bildirib ki, valideynlər həmin məktəbin yaxınlığında olan 1,2,4 və 11 nömrəli məktəblərə müraciət edərək övladlarını 1-ci sinfə qeydiyyata keçirməkləri tövsiyə olunur. Onun sözlərinə görə, məktəbin bağlanması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
Həmçinin müraciət edən şagirdlərin sayı artarsa, 14 saylı tam orta məktəbin adı portalda qeyd olunacaq.