"Elm və təhsil naziri strateji məsələlər qaldırmalıdır".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov deyib.
Ekspert qeyd edib ki, təhsilimizdə yüzlərlə köklü problemlər var:
"Nazir təzə təyin ediləndə, tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət mövzusunda söhbətlər etməyin. Təhsilimizdə həqiqətən yüzlərlə köklü problemlər var. Mətbuatda da xeyli problemlər qaldırılıb. Onlardan niyə danışmırsınız? Yoxsa, sizə hələ də məlum deyil bu problemlər? Müəllimləri gözdən salan, şaftalı belə gəldi, ailəvi şam yeməyi belə getdi, sinifdə şagirdlərin sayının keyfiyyətə təsiri yoxdur, dərslik məlumat kitabı kimi olmalıdır və s. kimi elmi əsası olmayan fikirlərlə təhsildə çaşqınlıq yaradıb, elmə zidd müddəalarla bizləri heyrətləndirib, sonda da alimlərə hücuma keçmək istəyirsiniz?"
İ.Əhmədov bildirib ki, Elm və Təhsil Nazirliyi qadağalarla işləməli deyil:
"Nazirlik yeni imkanlar yaratmalıdır, problemlərin kökünü görməlidir, üstünə getməlidir, innovativ həll yolları təklif etməlidir. Onsuz da ölkədə alim azdır. Bunlara da müxtəlif bəhanələrlə “qırmızı kart” göstərib deyəsən meydandan çıxartmaq istəyirsiniz. Meydanda kim qalacaq? Yoxsa daha elm lazım deyil bu ölkəyə? Ölkədə elm və təhsil bərbad haldadır, amma bunun günahı elm və təhsil adamlarında deyil. Günah bu sahələrin səriştəsiz idarəedilməsində, maliyyələşmənin ehtiyacdan dəfələrlə az olmasındadır".